UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Cəbəllütariqin “Linkoln” klubunun qapıçısı Nauset Santananın futbolinfo.az saytına müsahibəsi
– İlk matçda dogma meydanda rəqibinizə 0:2 hesabı ilə uduzdunuz. Matçı necə dəyərləndirirsiz?
– Düşünürəm ki, çox yüksək səviyyəli bir rəqibə qarşı oynadıq. Onların təcrübəsi, gücü hər kəsə bəllidir. Bilirdik ki, çox çətin olacaq, amma müqavimət göstərmək istədik.
– Bakıdakı matçdan gözləntiləriniz nədir?
– 0:2 hesabı ilə uduzduğumuz üçün çətin cavab matçı olacaq. Lakin əlimizdən gələni edəcəyik. Matçda bərabərliyi qazanmaq, geridönüş etmək üçün çalışacağıq.
– Artıq iki ildir ki, “Qarabağ”a rəqib olursunuz. Püşkdən narazılıq edirsiniz?
– Püşkatmada bizim edə biləcəyimiz bir şey yoxdur. Bu, özümüzdən asılı məsələ deyil.
– Uduzmağınıza baxmayaraq, qapıda çox yaxşı oyununuz diqqət çəkdi…
– Çıxışımla bağlı müsbət, xoş sözlər eşitmək həmişə xoşdur. Amma bütün diqqətimi Bakıdakı matça yönəltmişəm. Ümid edirəm ki, bacaracağıq. Növbəti mərhələyə yüksəlmək üçün səfər oyununda da əlimdən gələni edəcəm. Komandamın uğurunda rol oynamaq istəyirəm.
– “Qarabağ”ın gücünü nəzərə alsaq, bu, nə dərəcədə mümkün görünür?
– Biz Bakıda geridönüşün necə çətin olacağını bilirik. “Qarabağ” Avropada adından söz etdirə bilən, səviyyəsini, böyüklüyünü ortayan qoyan komandadır. Ümid edirik ki, biz güclü tərəflərimizi göstərməyə nail olacağıq. Bərabərliyə yaxınlaşmaq üçün çalışacağıq.
– Rəqibin hansı futbolçuları diqqətinizi çəkdi?
– Hesab edirəm ki, “Qarabağ”ın ümumi heyəti çox yaxşıdır, yüksək səviyyəli futbolçulardır. Benzia, Juninyo, Zubir və digərləri dünya səviyyəli oyunçulardır.
FƏRİD