Ermənistanda azyaşlı uşağı döydüyü üçün 45 yaşlı bağça işçisi saxlanılıb.
interpress.az xəbər verir ki, bu barədə erməni mediasına Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan bildirib.
“İyulun 26-da video sosial şəbəkələrdə yayılıb. Polis onu araşdırdıqdan sonra məlum olub ki, videodakı hadisə bu ilin mayında olub. Uşaq bağçasının direktoru Ararat polis şöbəsinə dəvət edilib”, – Sarkisyan deyib.
Onun sözlərinə görə, Vedidəki uşaq bağçasının 45 yaşlı işçisi tapılıb, saxlanılıb və hazırlanmış sənədlərlə birlikdə müstəntiqlərə göndərilib.
Uşağı döyən bağça müəllimi barəsində cinayət işi açılıb.
Ermənistan İstintaq Komitəsi bildirib ki, qadın 72 saat müddətinə saxlanılıb və ona qarşı “yetkinlik yaşına çatmayan şəxsə ağır fiziki ağrı və ya ağır mənəvi əzab vermək” ittihamı irəli sürülüb.
Xuraman Etibarlı
İnterpress.az