Türkiyənin “Fənərbaxça” klubunun iki futbolçusu – Melih Bostan və Umut Nayir Super Liqanın digər təmsilçisi “Konyaspor”a keçib.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçilərinin mətbuat xidmətləri məlumat yayıblar.
Konya təmsilçisi Umut üçün “Fənərbaxça”ya 400 min avro ödəyib. Melihin transfer haqqı açıqlanmır. Amma İstanbul təmsilçisi qarşıdakı mövsümlərdə istəsə, oyunçusunu geri transfer etmək hüququna malikdir. Umut yeni klubu ilə 2, Melih isə 3 illik müqaviləyə imza atıb.
Umut Nayir “Fənərbaxça”ya 2023-cü ilin yayında qoşulmuş, bu ilin yanvarında isə “Pendikspor”a icarəyə verilmişdi. “Fənərbaxça”da 13 oyun keçirsə də, fərqlənə bilməyən forvard karyerası ərzində “Ankaragücü”, “Göztəpə”, “Girəsunspor”, “Ümraniyəspor”, “Beşiktaş”, “Bursaspor”, “Hayduk” (Split), “Yeni Malatyaspor”, “Osmanlıspor” kimi klublarda da forma geyinib. Hücumçu Türkiyə millisində keçirdiyi 4 oyunda 1 qola imza atıb.
Melih Bostan isə “Fənərbaxça”nın öz yetirməsidir. Bu klubun əsas komandasında debüt şansı qazanmamış 20 yaşlı forvard “Gənclərbirliyi”, “Əskişəhərspor”, Serik Belediye” kimi komandalarda icarədə oynayıb, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının formasını geyinib.
“Konyaspor”dan daha 6 transfer
“Konyaspor” daha bir neçə futbolçunu heyətinə qatıb. Onlardan biri Bolqarıstanın ÇSKA 1948 klubundan transfer edilmiş Pedrinyodur. 27 yaşlı braziliyalı sol vingerlə 3 illik müqavilə imzalanıb. O, yeni komandasında 8 nömrəli formanı geyinəcək.
Konya klubu sabiq futbolçusu, son olaraq “Qaziantep”də çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi Marko Yevtoviçi də heyətinə qatıb. Onunla 2 illik müqavilə imzalanıb. 2018-2021-ci illər aralığında məhz “Konyaspor”da çıxış etmiş Yevtoviç, köhnə-yeni klubunda 16 nömrəli formanı geyinəcək.
Avstriyanın “Rapid” (Vyana) klubunun yetirməsi, Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Melih İbrahimoğlu da bundan sonra “Konyaspor”un uğurları üçün çalışacaq. 24 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. O, Super Liqa komandasında 77 nömrəli formanı geyinəcək.
“Ştutqart”ın yetirməsi olan 26 yaşlı yarımmüdafiəçi Ufuk Akyol da “Konyaspor”a keçib. “Haydenhaym”, “Fatih Karagümrük”, “Antalyaspor” kimi klublarda oynamış futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, Konya klubunda 19 nömrəli forma altında çıxış edəcək.
“Konyaspor”un heyətinə qatdığı yeni oyunçulardan biri də 22 yaşlı vinger Tunahan Taşçıdır. Türkiyənin U-17 və U-19 yığmalarında da oynamış Taşçı, Niderlandın “Fortuna Sittard” və “Maastrixt” klublarının formasını geyinib. O, Türkiyə klubu ilə 3 illik müqaviləyə imza atıb.
“Adana Dəmirspor”dan azad agent kimi ayrılmış sol vinger Yusuf Erdoğan da “Konyaspor”a eçib. O, yeni klubu ilə 2 illik sözləşmə imzalayıb. 31 yaşlı futbolçu bu komandada 10 nömrəli formanı tərlədəcək.
“Konyaspor” üç futbolçusu ilə də yeni müqavilə bağlayıb. Uğurcan Yazğılı və Oğulcan Ülgünlə 2 illik yeni sözləşmə imzalanıb. Adil Demirbağ isə 3 illik yeni müqaviləyə imza atıb.
“Konyaspor” 27 yaşlı kolumbiyalı vingeri Marlos Moreno və 35 yaşlı fransalı dayaq yarımmüdafiəçisi Stiven Nzonzi ilə də yollarını ayırıb. Nzonzi ilə müddəti bitən müqavilə yenilənməyib. Morenonun müqaviləsinə isə qarşılıqlı razılıq əsasında xitam verilib.
“Konyaspor”un sol cinah müdafiəçisi Nafican Yardımcı da “Şanlıurfaspor”a keçib. 23 yaşlı futbolçu elita təmsilçisindən azad agent kimi ayrılıb.