AZ

Jurnalist hansısa müğənninin tumanı altında eşələnməlidir?..

Oxumamaq üçün bəhanə həmişə var. Məsələn, mən 1998-ci ildə "Bu gün" qəzetində çalışırdım. Peşəkar kollektiv alnının təri, gözünün nuru ilə səviyyəli bir qəzet ərsəyə gətirirdi. Amma ən yaxşı halda gündə 20-25 min nüsxə sata bilirdik. Hansı ki, o vaxt əhalimizin sayı 10 milyon olmasa da, 8 milyonu çoxdan keçmişdi. 

25-26 il əvvəl bu göstərici ilə fəxr edirdik. Digər qəzetlərin satışı lap aşağı idi. 10 min nüsxə qəzet satdıran redaktor küçədə sinəsini irəli verib genələ-genələ gəzirdi... 

Dost-tanışdan, qohum-qardaşdan tez-tez soruşurdum: "Niyə qəzet oxumursunuz?" 

Hərənin bir bəhanəsi vardı. Bəziləri isə baltanı dibindən vururdu: "Maraqlı nə yazırsınız ki oxuyaq?" 

Allah haqqı bizə haqsızlıq edirdilər! 

Nəsib İsmayılov gənc və istedadlı jurnalistlərdən ibarət peşəkar kollektiv formalaşdırmışdı. Etibar Cəbrayıloğlunun köşə yazıları olan qəzetlər əl-əl gəzirdi. Müşfiq Ələsgərli daxili, Nadir Azəri xarici siyasətdən səviyyəli şərhlər yazırdı. Əfqan Qafarlı sosial problemləri ölkədə ən yaxşı işıqlandıran üç-dörd jurnalistdən biri idi. Vüsalə Mahirqızı o vaxt tələbə olsa da, qələmindən çıxan reportajlar, müsahibələr jurnalistika fakültəsinin müəllimləri üçün əyani vəsait rolunu oynayırdı. Araz Zeynalovun siyasətdən, Mənsurə Səttarovanın mədəniyyətdən yazdığı məqalələr peşəkarlığın bariz nümunəsi sayılırdı. Rəvan Soltanovun yazdığı hər üç xəbərdən ikisi "İç xəbər" üçün mövzu olurdu. 

Mən o vaxt Türkiyədə təhsilimi yenicə tamamlayıb Vətənə dönmüşdüm. Məhəmməd Əmin Rəsulzadənin dostlarının, şəxsi həkiminin xatirələrini yazırdım. O qədər müəmmanın üzərindən sirr pərdəsini qaldırmışdım ki! 

Di gəl, çoxları qəzet almağa "pul tapmırdı". Özləri belə deyirdilər: "40 qəpiyim olsa, verib 1 çörək alaram". 

Qəzetə 40 qəpik qıymayanlar milçəklərin vızıldadığı ucuz kafelərdə səhərdən axşama kimi bokalı 80 qəpiyə pivə içirdilər... 

İnternetin sayəsində çoxunun bu bəhanəsi kəsilib. İndi hamının evində, iş yerində internet var. Ölkədə də internet qəzetlərinin, agentliklərin sayı hesabı yoxdur. Amma yenə problem var! İndi də səviyyəli yazıları, gözümüzün nurunu əridə-əridə ortaya çıxardığımız vacib, maarifləndirici məqalələri oxutdura bilmirik. Oxucuların böyük əksəriyyəti ucuz xəbərlərə, qurşaqdanaşağı mövzulara maraq göstərirlər. Belə çıxır ki, jurnalist işini-gücünü atıb hansısa qadın müğənninin tumanının altında eşələnməlidir... 

Bu sətirləri klaviaturada döyəcləməyə başlamazdan əvvəl son 24 saatda ən çox oxunan xəbərlərə dair kiçik bir araşdırma apardım. Sentyabrın 1-də ölkəmzidə keçiriləcək növbədənkənar parlament seçkilərinə dair məlumatlar çox az adamı maraqlandırır. İranın azərbaycanlı prezidenti Məsud Pezeşkianın bu gün and içib-içməyəcəyi də heç kimin vecinə deyil. Qiymətlərin yenidən artacağına dair xəbərləri də oxuyan azdır. Xalq artıq qiymət artımına öyrəşib. Amma maaşların artacağına dair iddialara maraq böyükdür. Dünya binə olandan biz pula qarşı həssas olmuşuq... 

Son üç gündə saytların böyük əksəriyyətinin vitrinini "bəzəyən", əminəm ki, elə oxucuların da böyük əksəriyyətinin ürəyindən olan xəbər isə belədir: "Röya mini ətəyi ilə diqqət çəkdi - Video". 

Yuxarıda yazdım axı, bu mövzuya başlayanda monitorinq apardım. Monitorinq nəticəsində o da məlum oldu ki, Röyanın ətəyini çıxarandan sonra necə rəqs etdiyinə təkcə bir saytda 20 mindən çox adam baxıb. 

25 il əvvəl biz qəzet çıxaranda da belə idi. Dəyişən çox az şey var. O vaxt şəklinə baxırdılar, indi canlı baxırlar... 

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Seçilən
48
yenisabah.az

1Mənbələr