2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının real artımı 3,8 % olmaqla nominal ifadədə 121,3 milyard manata çatacağı gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.
Bu, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı təqdim edilmiş proqnoza nəzərən 3 milyard manat çoxdur.
Qeyri-neft ÜDM-si isə 84,7 milyard manat (əvvəlki proqnoza nəzərən 0,6 milyard manat çox) səviyyəsində gözlənilir. Qeyri-neft/qaz sektoru üzrə ÜDM-in real artım tempinə dair proqnoz 4,6 %-dən 5,5 %-ə qaldırılıb.
"2024-cü ilin dövlət büdcəsinin layihəsi baxılan zamanı (2023-cü ilin oktyabr ayında) İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilmiş proqnozlara əsasən ÜDM 118,4 milyard manat, qeyri-neft/qaz ÜDM 84,2 milyard manat, real artım tempi isə müvafiq olaraq 2,4 % və 4,6 % səviyyəsində idi. Lakin 2023-cü ildə istehsal edilmiş ÜDM-in ehtimal edildiyindən artıq olması, 2024-cü ilin ilk 6 ayında qeydə alınmış makro-fiskal nəticələr, həmçinin qlobal miqyasda iqtisadi artımla və enerji daşıyıcılarının qiymətləri ilə bağlı 2024-cü ilin sonuna gözləntilər cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib", - arayışda deyilir.