AZ

Bakıda pulsuz müayinə: Xəstəliyindən xəbəri olmayanlar tibb müəssisələrinə aparıldılar

Vətəndaşların diqqətinin insan sağlamlığına yönəldilməsi, əhalidə bir sıra xəstəliklərin erkən aşkarlanması, səhhətində yaranan xəstəliklərdən xəbərsiz olan vətəndaşların zamanında ixtisaslı həkimlərə yönləndirilməsi və eləcə də müxtəlif tibbi mövzularda maarifləndirmə işinin təşkili məqsədilə TƏBİB tərəfindən "Sağlam həyat - sağlam həyət" layihəsinə başlanılıb.

hakimiyyet.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində ilk dəfə Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V" yaşayış massivində baş tutan tibbi aksiyada vətəndaşlara terapevtik, kardioloji, oftalmoloji, pediatrik, nevroloji, endokrinoloji, immunoloji, otorinolarinqoloji, radioloji, USM, laboratoriya və s. tibbi xidmətlər göstərilib.

Layihənin daha əhatəli və keyfiyyətli icrası məqsədilə əraziyə iki ədəd "Mobil klinika" avtomobili, habelə baş verə biləcək təcili və təxirəsalınmaz halların qarşısının vaxtında alınması məqsədilə təcili tibbi yardım briqadası cəlb olunub.

Tibbi aksiya zamanı cəmi bir həyətdə 230 vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində 375 adda tibbi xidmət göstərilib. Müayinələr nəticəsində 44 nəfərdə qaraciyərin distrofik dəyişikliyi, 34 nəfərdə arterial hipertoniya, 26 nəfərdə miopiya, 17 nəfərdə böyrək daşları, 16 nəfərdə qalxanvari vəzinin düyünü, 14 nəfərdə şəkərli diabet, 6 nəfərdə katarakta, 7 nəfərdə vegetativ distoniya və kistaları, 8 nəfərdə stenokardiya və onlarla şəxsdə digər xəstəliklərin əlamətləri aşkarlanıb.

Müayinələr zamanı 5 nəfərdə isə müxtəlif xəstəliklərin daha ağırlaşmış formaları müəyyən edilib. Sağlamlığı üçün ciddi təhdid olan xəstəliklərdən bu günədək xəbəri olmayan vətəndaşlar dərhal TƏBİB-in tabeliyində fəaliyyət göstərən ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

Qeyd edək ki, tibbi aksiya zamanı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşları tərəfindən tibbi mövzular üzrə təqdimatlar edilib, sakinlərlə maarifləndirici söhbətlər aparılıb, onlara ilkin səhiyyə xidmətinin əhəmiyyətindən və müxtəlif xəstəliklər, onlarla mübarizə yollarından bəhs edən təbliğat materialları paylanılıb.

Məlumat üçün bildirək ki, "Sağlam həyat - sağlam həyət" layihəsi insanların sıx məskunlaşdıqları yaşayış komplekslərində, eləcə də məhəllələrdə səyyar tibbi xidmətin göstərilməsini və sakinlərin şifahi maarifləndirilməsi tədbirlərini özündə ehtiva edir. Layihə çərçivəsində uşaqdan tutmuş böyüyə kimi hər kəsin ilkin müayinələrə cəlb olunması, səyyar müayinələr zamanı hər hansı xəstəlik müşahidə edilərsə, həmin şəxslərin TƏBİB-in tabeliyində fəaliyyət göstərən ilkin səhiyyə müəssisələrinə və ya ixtisaslaşmış tibb mərkəzlərinə yönləndirilməsi nəzərdə tutulur.

"Sağlam həyat - sağlam həyət" layihəsi bundan sonra da davam etdiriləcək.

Sağlamlıqla bağlı heç bir addımı ertələməyin! Çalışın, sağlam qalın!

Seçilən
31
2
hakimiyyet.az

3Mənbələr