AZ

“Bu bayağı mahnılar heç vaxt xalq mahnısı olmayacaq” - Xalq artisti

Bu gün populyar olan, müğənnilərə böyük pullar qazandıran bir çox musiqilər var ki,  qəbul etsək də, etməsək də, böyük kütlələr tərəfindən rəğbətlə qarşılanır. 

Belə mahnılara görə musiqiçilərimiz iki cəbhəyə bölünüb desək, yeri var. Bəziləri deyir ki, xalq sevirsə, demək bu mahnı keyfiyyətlidir və bəlkə elə nə zamansa, illər sonra o da xalq mahnısı statusu alacaq.

Bir çox sənətkarlar isə hesab edirlər ki, bayağı mahnılar  insanların, xüsusilə gənc nəslin zövqünü korlayıb, mənəvi korroziya yaradır.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı lent.az-a açıqlama verən Xalq artisti, tarzən Vamiq Məmmədəliyev  bildirib ki, müasir musiqilərin hamısına pis demək mümkün  olmasa da böyük əksəriyyəti bayağılığı, bəsitliyi ilə qulaq yorur.

"Bayağı mahnılar  100 il keçsə də xalq mahnılarımızla eyni səviyyədə ola bilməz. Düzdür xalq mahnılarının da müəllifləri yoxdur, xalq sənətkarları tərəfindən bəstələnib. Lakin onların sözləri də, musiqisi də bir birini tamamlayır, bəsitlik  yoxdur. Məsələn "Qubanın ağ alması" mahnısındakı "Yarım gələnə qalıb, Yaramın sağalması" misraları hara, "Səni sevdim mən, məni sevmədin sən" hara?

Mahnının sözlərində dərin fəlsəfə olmalıdır, duyğu olmalıdır. İndi populyar olan mahnıların çoxunun melodiyası orardan - buradan oğurlanmadır, sözləri bir-birinin təkrarıdır. Sevinirəm ki, muğamlarımıza, xalq yaradıcılığına dövlət tərəfindən böyük diqqət ayrılır, onların yaşadılıb, nəsildən - nəsilə ötürülməsi üçün işlər görülür. Ona görə, musiqimizin gələcəyindən qorxum yoxdur",- deyə Xalq artisti bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
76
1
milli.az

1Mənbələr