AZ

"ABŞ-ın növbəti sanksiyalarından yayınmağa çalışan Çin, müttəfiqi Rusiyanı iqtisadi anlamda sıxır"

Rusiya üçün Çinlə hesablaşma getdikcə çətinləşir. Banklar Rusiya köçürmələrinin təxminən 80 %-ni yuanla qaytarır. “Kommersant” nəşri yazır ki, ABŞ prezidenti Co Bayden Maliyyə Nazirliyinə üçüncü ölkələrin kredit təşkilatlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə icazə verdiyi 2023-cü ilin dekabrından bəri Çin hakimiyyəti Rusiyanın sanksiyaya məruz qalmış şirkətləri ilə əməkdaşlığa və Rusiya Federasiyasının hərbi-sənaye kompleksinə yardıma görə tələbləri “gedərək” sərtləşdirir. Bu "yanaşma" iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər? Rusiya dünya üzrə apardığı siyasi-iqtisadi mübarizədə qarşılaşdığı növbəti çətinlikdən çıxa biləcəkmi? Politoloq Turab Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çin və Rusiya arasında münasibətlər davam etdiriləcək. Çin Rusiyanı siyasi platformada dəstəkləməklə yanaşı, Rusiyadan hərbi, texnoloji sahədə yeniliklər əldə etməyə çalışır və Rusiyanın hərb sənayesində uğurlarından yararlanmaq istəyir. Çalışır ki, bu texnologiyanı birgə istehsalda və yaxud lisenziya ilə öz ölkəsinə silahlar cəlb etsin. Turab Rzayev “Çin Rusiyadan daha çox hərbi sənaye texnologiya uğurunu "idxal" etməyə çalışır. Rusiya isə Çindən iqtisadi olaraq asılıdır. Mal və xidmətlərin gəlməsi öz neft qaz resurslarının satılmasında xüsusi karbohidrogen ehtiyatlarının satılması Çindən asılıdır. Eyni zamanda Rusiya hazırda bir sıra ölkələrlə ticarət edə bilmir"- deyən politoloqun fikrincə, ABŞ sanksiyalarından yayınmağa çalışan Rusiya məcburdur ki, Çin, Hindistan, Braziliya və Türkiyə kimi ölkələrlə ticarətə davam etsin. “Bunun qarşısını almaq üçün ABŞ üçüncü ölkələrin banklarına da ikinci dərəcəli sanksiyalar qoya biləcəyini açıqlayıb. Bundan sonra həm Türkiyə, həm Hindistan, həm Çin nə qədər çətin və eyni zamanda əlverişli olsa da ucuz Rusiya mallarından imtina edib. Hətta Rusiya 30-40 %, bəzən 70 % endirim təklif etsə də rus neft-qaz məhsulları və s. almaqdan boyun qaçırılıb və yaxud ödənişlər də yerli valyutalardan - Çin yuanı və Hindistan rupisindən istifadə edilib. Bu isə, son halda Rusiya iqtisadiyyatının daha da sıxılmasına səbəb olur. Çünki Rusiya iqtisadiyyatı lazım olan maliyyəni, lazım olan məhsulları əldə edə bilmir. İkinci məsələ, hətta əldə etsə belə bu seçim əlavə çətinliklərlə müşahidə olunur, vaxt itkisi təşkil edir. Üçüncüsü, burada kifayət qədər valyuta itirilir. Dördüncüsü, bir çox hallarda bu vəsait ümumiyyətlə alınmır. Müştərilər və ya potensial satıcılar Rusiya məhsullarından imtina edirlər”-deyən politoloq hesab edir ki, hər nə qədər siyasi məcrada Çin və Rusiya bir-birini dəstəkləməyə davam etsə də, iqtisadi məcradakı bu problemlər sonda Rusiya iqtisadiyyatının daha çox sıxılmasına və daha çox itkisinə səbəb olacaq. Bu da istər-istəməz, Çin-Rusiya münasibətlərinin bəlli bir məqamdan sonra soyumasına gətirib çıxara bilər. İradə Cəlil, Bizimyol.info

Seçilən
100
bizimyol.info

1Mənbələr