AZ

Dünyada Azərbaycan dili yoxdur, Azərbaycan Türkcəsi var

Bu gün Azərbaycanda Ana dili kimi qeyd edilir. Ana dilimizin tarixi çox qədimdir. Sadəcə Gəmiqaya, Qobustan, qədim İçərişəhər və digər tarixi abidələrin mövcud olduğu yerlərdə Ana dilimizlə bağlı yüzlərlə işarələr var. Hər bir işarə, damğa, rəsm və sairələr Ana dilmizin tarixini isbat edir. Bir çox qədim dastanlar Bilqamış, Dədə Qorqud, “Oğuz Kağan”, “Alp Ər Tonqa”, “Şu” və eləcədə sonradan yəhudilər tərəfindən məhv edilən Avestanın orjinalı indiki Azərbaycan dilinin ilkin formasında yazılmış idi.

Azərbaycan dilinin türk dili olması barədə kifayət qədər xarici müəlliflərin əsərlərində faktlar var. Bizim coğrafiyada əgər şeir dili farsca, rəsmi yazışmalar ərəb dilində bir müddət olubsa bu o demək deyil ki, türk dili sıradan çıxıb. Bu gün kifayət qədər xaricdə mənbələr təsdiq edir ki, eramızdan əvvəl də, eramız dövründə də Azərbaycanda türk dili əsas dil olub. Bizim eramızda Türk dilində mənbələr də hazırda Ermənistan, İsveç, Rusiya, İran, Türkiyə, İtaliya və digər ölkələrin arxivlərində saxlanılır. Hazırda Matandarandan 5-ci əsrə aid Daşkəsənin Bayan kəndindən oğurlanmış İncil kitabının 5 vərəqinin surəti əlimizdə var və orda latın qrafikalı türk dilində olması bir daha sübut edir ki, ölkəmizin əlifbası da nə ərəb nə də fars olub.

Misirdəki Müqəddəs Yekaterina monastırında tapılan qədim sənədləri 2000-ci ildə Volksvagen Fondu tərəfindən dəstəklənən Qafqaz dillərinin elektron sənədləşdirilməsi üzrə genişmiqyaslı layihə çərçivəsində müəyyən edilmişdir ki, kodeksin 242 səhifəsi Qafqaz-alban dilində mətndən ibarətdir ki, bunun da böyük hərflərlə yazılmış 126 səhifəsi lektoriyanın mətni, 112 səhifəsi isə Yəhyanın İncilidir. Və bizim üçün ən önəmli nəticə: Alban mətninin LATIN dilində mövcud əlyazmalara daxildir: İncilin əlyazması (Yəhyanın İncili); əlyazma lüğəti (Matta, Mark və Lukanın İncillərindən, Həvarilərin İşləri, Şura məktubları və Pavelin məktublarından çıxarışlar daxildir). Əhdi-Ətiq kitablarından: Yeşaya peyğəmbərin kitabı; Zəbur (parçalar).

Bu fakt sübut edir ki, Azərbaycan türkcəsi uzun müddət Latın qrafikalı əlifba ilə yazılıb.

Bu sənədi görmək istəyən olsa dəvət edirəm, gəlib tanış ola bilər. Tam hamısını gətirmək üzərində işləyirəm. Sadəcə bir az maddi-siyasi səbəbələrə görə gözləyirik.

Sual oluna bilər. Qədimdə insanlar hansı dildə danışırdılar. O vaxt necə müəyyən edilirdi ki, dil türkdür yoxsa başqa. Bunu sadə izahı var. Dil ilk öncə iki istiqamətdə – jest dili (əllərin və mimikanın hərəkəti) və səsli dil (dil və dodaqların hərəkəti) istiqamətlərində inkişaf etmiş, ibtidai insanlar səslərlə hissləri, jestlərlə isə haqqında söhbət açılan əşyaları bildirməyə çalışırdılar.

Yavaş-yavaş səsli dil təbiət və canlıların səslərindən yaranmışdır. Məsəl üçün Qurbağa sözü-bu canlı qur-qur edib səs çıxarır və zamanla insanlar o səsi təkrar edir və səsdən Qurbağa sözü yaranır. Eləcə da Qarğa-qar-qar dedikdə Qarğa sözü bu səsdən yaranıb. Zamanla təbiətin səsləri insanın səsli danışığına şərait yaratmışdır və bu gün dilimizdə istifadə edilən sözlər dövrlə bu günə bizə gəlib çatıb.

Dünyada Azərbaycan dili deyilən anlayış yoxdur. Azərbaycan türkcəsi var. Azərbaycan türkcəsinin dəyişdirilərək Azərbaycan dili adlandırılması təbii ki, daha çox siyasi amillərlə əlaqələndirilir. Lakin bu çox səhv addım idi. Bu əslində daha çox siyasi boşluq yaratdı. Hər millətin öz dili öz adında çəkilməlidir.

Bəziləri iddia edir ki, Azərbaycan maarifçiləri Osmanlı türkcəsində yazıb. Amma bu belə deyil. O Osmanlı türkcəsinə oxşayan sözlər bizim dildə olan sözlərdir ki, onu sovetlər zaman-zaman bizim lüğətlərdən çıxarıb.

Azərbaycan türkcəsi dövlət dili kimi də elan edilib XII əsrdə. Qaramanoğulları Bəyliyinin qurucusu və hökmdarı Qaramanoğlu Məhəmməd Bəy 13 may 1277-ci ildə verdiyi tarixi fərmanı ilə türkcəni ilk dəfə olaraq dövlət dili elan etdi: “Bundan sonra heç kimsə dərgahda, divanda, məclisdə və meydanda Türk dilindən başqa dildə danışmasın”.

XV əsrdən Osmanlı İmperiyasında dövlət yazışmalarında ərəb və fars dilləri üstünlük təşkil edirdisə, XVI yüzilliyin əvvəllərində Şah İsmayıl Xətainin qurduğu Səfəvilər dövlətində türk dili rəsmi dövlət sənədlərində istifadə olunurdu.

Bunu tək biz yox hər bir dövrün ciddi səyyahları və tədqiqatçıları qeyd edirlər.

Fakete Layoş adlı tədqiqatçı Avropa şəhərlərinin arxivlərində (Vyana və Drezden arxivlərində) saxlanılan və Osmanlı dövlətinə aid olan arxiv sənədlərini araşdırarkən iki məktub tapmışdır. Bu məktubları tədqiq etdikdən sonra Osmanlı dövlətinə deyil, Səfəvi dövlətinə aid olduğunu aşkar etmişdir. Lakin özünün də bildirdiyi kimi, məktublar Azərbaycan dilində (müəllif özü “Türk dili” deyir) yazılıb.

Şərqşünas alim M. A. Morrison, “The Geographical Distribution of the Modern Túrki Languages” məqaləsində yazır: “Mən Qafqazın əsas silsiləsindən keçib başqa türk dili ilə – Azərbaycan və ya Cənubi Qafqaz dili ilə təmasda oluram. Cənubi Qafqazda və şimal-qərb Farsda 3 milyondan çox insanı əhatə edən əhəmiyyətli oturaq əhalinin dilidir. Burada qədim Qızılbaş nəsli ilə tanış oluruq. Bu dil Gürcüstanın böyük rayonlarında, Şirvanda, Qaradağda, Xəzər dənizinin qərb sahilində Rəştdən Dərbəndə qədər, İrəvan Sərdarlıqda, [Cənubi] Azərbaycanın Fars əyalətlərində, Gilan və Mazandaranda danışılır”.

Rusiyalı şərqşünas İlya Nikolayeviç Berezin Qafqaza və Qacar dövlətinə səfərindən sonra yazdığı “Şimali Persiyaya səyahət: portretdən. Məhəmməd şah, planlar və baxışlar, yerlər, qeydlər” adlı kitabında yazır: “Adərbaycanda türk dilinin xüsusi ləhcəsi üstünlük təşkil edir, bölgənin özünün adı ilə bağlıdır: bu ləhcə bizim Zaqafqaziyada, eləcə də Tehran sarayında çox yayılmışdır, hökmdarlıq edən sülalə üçün, türk dili təbii dil təşkil edir.

Bu kimi yüzlərlə misal var. Fakt var. Sənəd var. Kitab var. Əlyazma var. Yazışmalar var. Var ki, Var.

Bəs necə oldu ki, Azərbaycan dili regionun əsas dili rolunu itirdi? Rusiya buranı işğal edəndən sonra , ilk olaraq ayrı-ayrı Türk boylarna “demokratik” bir mühit yaratdılar. Bunlar öz milli dillərini inkişaf etdirsinlər. Ayrıca qazax türkcəsini, qırğız türkcəsini, özbək türkcəsini ayrı-ayrı şəkildə inkişaf etdirdilər. Onlara azadlıq verdilər. Məqsəd də o idi ki, bunların öz aralarında öncə əlaqəsi qırılsın və bir-birini anlamasınlar. Bundan sonra onlar üçün ortaq bir dil – rus dilini tətbiq etmək mümkün olsun. Eyni proseslər Qafqazda da etdilər.. Öncə inquşlarn, çeçenlərin, ləzgilərin və avarların dilini dəyişdirdilər. Onları əvvəlcə vahid dil məkanından araladılar. Sonra da rus dilini ortaya gətirdilər. Bu yolla xalqları bir-birindən ayırdılar.

Amma istəyir dövlətlər dəyişsin, dünya xəritəsi yenidən formalaşsın, xeyri yoxdur. Bu coğrafiyaya, bu əraziyə TÜRK dili və TÜRK xalqları sahib olublar.

Zaur ƏLİYEV, dosent

Seçilən
38
medianews.az

1Mənbələr