AZ

“Həm kartof sahələrinin həcmi azalıb, həm də məhsuldarlıq aşağı düşüb” — İqtisadçı ekspert

Azərbaycanda kartof istehsalı aşağı düşüb. Bildirilib ki, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə kartof əkin sahələri illik müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə isə ölkədə 46 752,1 hektar ərazidə kartof əkilib. Ötən ilin eyni dövründə isə 49 475,5 hektar ərazidə kartof əkilmişdi. 


Bəs, kartof istehsalının azalmasının əsas səbəbi nədir? 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, bu il həm kartof sahələrinin həcmi azalıb, həm məhsuldarlıq aşağı düşüb.

Akif Nəsirli qeyd edib ki, qarşıdakı aylarda kartof istehsalı kifayət qədər vüsət alacaq: 

“Bizim əsas kartof istehsalçımız olan şimal rayonlarında kartof yığımı hələ tam gücü ilə başlamayıb. 

Qarşıdan gələn yaxın günlərdə başlayacaq. Əsas kartof hələki ilin birinci yarısında cənubdan, Cəlilabad və digər rayonlardan gəlir. Orda da kartof sahələrinin həcmi xeyli dərəcədə azalıb. Məsələn, ən çox faraş kartof istehsal edən Cəlilabadda kartof sahələrinin həcmi 50% azalıb. Bu, həm də hava şəraitinin əlverişsiz keçməsi ilə müəyyən təsirlərə məruz qalması ilə bağlıdı.  

Kartof sahələrinin həm həcmi azalıb, həm məhsuldarlığı aşağı düşüb. Ona görə də kartof azalıb. Amma ümid edirəm ki, payıza doğru Tovuz, Gədəbəy, Şəmkir, Qazax rayonlarında və. kartof yığımı daha çox məhsuldarlığa malik olacaq və illik tələbatı təxminən konpensasiya edəcək. Yəni Azərbaycanda ilin birinci yarısında həmişə bütün illik kartof istehsalının maksimum həddə cəmi 20%-i istehsal olunur, 80% isə payızda istehsal edilir. Yəni ötən ilin sonu ilə indi ilin yarısını müqayisə etmək doğru deyil. Şimalda kartof yığımı başlayan zaman bazara daha çox məhsul daxil olacaq”. 

Əfsanə Rəcəb
Demokrat.az 
Seçilən
33
demokrat.az

1Mənbələr