Hazırda paytaxtın mənzil bazarında durğunluq müşahidə olunur. Lakin bunun əksinə olaraq, bir sıra ərazilərdə mənzillərin qiymətlərinin ötən aylara nisbətən bahalaşdığını müşahidə etmək olar. Mütəxəssislər bunu müxtəlif səbəblərlə izah edirlər.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, qiymət artımı insanların daha çox daşınmaz əmlaka üstünlük verməsi ilə bağlıdır:
"Mənzillərin satışında aktivlik o qədər müşahidə olunmasa da, onu bildirim ki, qiymətlərin yüksəlməsi prosesi davam etməkdədir. Bu da təbii ki, iqtisadiyyatımızın böyüməsi və manatın alıcılıq qabiliyyəti ilə bağlı məsələdir. Eyni zamanda vətəndaşlarımız, o cümlədən biznes sahibləri belə düşünür ki, daşınmaz əmlaka investisiya qoyulması ən cəlbedici istiqamətlərdən biridir. Yəni daşınmaz əmlaka investisiya qoyduqda onun 1 il ərzində artımı bu gün Azərbaycan banklarında manatın depozitə qoyulması zamanı əldə edilən gəlirdən təxminən 1.5-2 dəfə yüksəkdir. Bu baxımdan insanlar daha çox daşınmaz əmlaka üstünlük verir. Hal-hazırda müəyyən mənada daşınmaz əmlak bazarında stabillik var. Amma yəqin ki, İpoteka və Kredit Zəmanəti Fondunun növbəti sosial kredit ayırması zamanı yenidən qiymətlərin artımının şahidi olacağıq. Eyni zamanda bazarda aktivliyin atmasını görəcəyik". aptek depo
Vüqar Oruc vətəndaşların maddi vəziyyətdən asılı olaraq, daha çox şəhərətrafı ərazilərdən mənzil almağa üstünlük verildiyini diqqətə çatdırıb:
"Hazırda mənzillərin bahalaşması ilə əlaqədar, mənzil alışı ilə bağlı ərazilər get-gedə mərkəzdən kənarlaşır. Yəni zona olaraq, 7, 8 və 9-cu zonalar, şəhərin kənarında yerləşən mənzillər daha çox alınır. Bu da ipoteka krediti zamanı ayrılan məbləğ və vətəndaşın öz hesabına ödədiyi ilkin ödənişin mərkəzdə və mərkəzə yaxın ərazilərdə olan mənzillərin qiymətli ilə uyğunlaşmaması ilə bağlıdır. Bu baxımdan vətəndaş məcburdur ki, daha çox şəhərin kənarına istiqamətinlənsin. Xırdalan, Masazır, Sumqayıt, Binəqədi, Hövsan və Suraxanı kimi ərazilərdə tikilən binalar hal-hazırda daha çox maraq kəsb edir. Bu da onların qiymətlərinin mərkəzdəki mənzillərə nisbətən daha ucuz olmasından irəli gəlir. Bu baxımdan hesab edirəm ki, ayrılmış kredit məbləğləri artırılmasa və yaxud şərtlər dəyişməzsə, vətəndaşlar mənzilin alınması üçün daha çox mərkəzdən uzaqlaşmağa məcbur olacaqlar. Amma yenə də bu o demək deyil ki, bazarda aktivlik tendensiyası olamayacaq. Çünki təkcə yeni mənzil əldə etmək istəyənlər deyil, o cümlədən Azərbaycandan kənarda olan və ölkəmizdə investisiya yatırımı etmək istəyən biznes adamları mənzillərin və obyektlərin alınmasında maraqlıdır".
Nazim Hacıyev
Telegram kanalımız