AZ

Təyyarə biletləri kəskin bahalaşdı...

Image

Aviabilet qiymətləri kəskin bahalaşıb. Bu artım Rusiyadan Azərbaycana, eləcə də Azərbaycandan Rusiyaya olan uçuşlarda daha çox hiss olunur. 

Belə ki, biletlərin ən baha olduğu istiqamət Novosibirsk şəhəridir. Qiymət artımı Azərbaycandan Gürcüstana olan uçuşlarda da hiss olunur. Bakı-Tiflis və Tiflis-Bakı istiqamətində biletlərin qiymət artımı kəskin hiss olunur. Qiymət artımı ölkəyə gəlmək istəyən turistlərin sayına belə təsir edir.

Natiq Cəfərli: “Aviabilet qiymətlərinin yaxın ölkələrə, yəni Gürcüstan, Türkiyə, Rusiya və İrana azalması üçün quru sərhədləri mütləq açılmalıdır” 

İqtisadçı ekspert Natiq Cəfərli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, tələbat yay aylarında kəskin artır. Bu tələbatı da qarşılayacaq reys sayı məhduddur. Rusiyada yaşayan soydaşlarımızın sayını nəzərə alsaq, gündə 45-50 reys lazımdır: “Ancaq bu üsulla qiymətlər enə bilər. Bir sözlə, xaricə tələbat çox, reys sayı məhdud, quru sərhədlər isə bağlı olduğu üçün aviabiletlərin qiymətinin artması normal haldır".

Xalid Kərimli: “AZAL ucuşlaşdırmaq istəmirsə, xidmət sahəsini təkmilləşdirməli və vətəndaşlara seçim imkanı verməlidir” 

İqtisadçı Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, AZAL qiymətləri ucuzlaşdırmalıdır. Ucuşlaşdırmaq istəmirsə, xidmət sahəsini təkmilləşdirməli və vətəndaşlara seçim imkanı verməlidir: “Məsələn, sizin baqajınız olmasa belə, AZAL-ın təklif etdiyi 23 kiloqramlıq baqaj paketindən və buradakı digər xidmətlərdən istifadə etməlisiniz. Bu da qiymətlərin artmasına səbəb olur. Çünki başqa alternativiniz yoxdur. Düşünürəm ki, AZAL-ın idarəetməsinin təkmilləşdirilməsinə böyük ehtiyac var. Yəni bütün sərnişinlərə lüks xidmət təklif edib və bütün biletləri də eyni qiymətə satmaq doğru yanaşma deyil. Adam var ki, özü ilə yük aparmaq, təyyarədə olarkən yemək istəmir. AZAL da həmin tələblərə uyğun qiymət hazırlamalıdır ki, bilet almaq üçün kassaya yaxınlaşan vətəndaş cibinə uyğun seçim etsin. Yaxud da aviaxidmət göstərən şirkətlərin sayı artırılmalıdır ki, rəqabət mühiti yaransın. Bazara yeni aviaşirkətlərin daxil olması, daha çox aviaşirkətin Azərbaycan hava limanlarından uçuşlar etməsi rəqabəti artıracaq. Bu, AZAL-ın özü üçün də faydalı olar. Rəqiblərin çoxalması rəqabəti artıracaq və AZAL öz səhvlərini daha diqqətlə nəzərdən keçirəcək. Eyni qiymətə fəaliyyət göstərsələr də, müştərilər bu aviaşirkətlər arasında bölünəcək. Nəticədə AZAL müştəri qıtlığı ilə üzləşəcək. Daha çox istiqamətlərdən ölkəyə uçuşların olması turizmi də inkişaf etdirəcək, ölkəyə rahat gəliş-gedişi asanlaşdıracaq. Rəqabət mühitinin inkişaf etməsi qiymətlərə də təsir göstərəcək. Amma bu təkliflərə cavab olaraq AZAL rəhbərliyi deyir ki, ölkəyə turist axını zəif olduğu üçün aviaxidmət göstərən şirkətlərin sayını artırmaq rentabelli deyil. Deməli, dövlət kompleks yanaşma ortaya qoymalıdır. Bir çox ölkələrə tətbiq edilən viza rejimi aradan qaldırılmalıdır”.

Günel CƏLİLOVA





Seçilən
116
baki-xeber.com

1Mənbələr