Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiyada hicaba qadağa qoyulmasını tələb edənləri “İslam düşmənləri” adlandırıb və qızına hicabı çıxartmağı deyənləri öldürməklə hədələyib.
"Unikal" xəbər verir ki, o bu barədə Çeçenistan hökumətinin iclasında bildirib və videosu "Telegram" kanalında yayımlanıb.
“Kim qızıma desə ki, hicabını çıxar, onu dərhal öldürəcəm, kim olmasından asılı olmayaraq, dərhal güllələyəcəm. O adam düşməndir, mənim şəxsi düşmənim, İslamın düşmənidir”, - Çeçenistan rəhbəri bildirib. Həmin anda videoda Kadırovun qızı, respublika hökuməti sədrinin müavini Ayşat Kadırova nümayiş edilib.
Çeçenistan rəhbərinin sözlərinə görə, respublikaya müxtəlif dinlərdən çoxlu qonaqlar gəlir. “Biz onların geyim koduna əhəmiyyət vermirik, biz sakinlərimizin geyim koduna əhəmiyyət veririk. Biz çağırış edirik, ancaq insanları cəzalandırmırıq, onları hicab taxmağa təşviq edirik”, - deyə Kadırov vurğulayıb.