Əli Əlirzayev: “Ola bilsin, bu taksi şirkəti tələblərə cavab verə bilmədiyi üçün fəaliyyətini dayandırıb”
Naxçıvan Muxtar Respublikasında taksi xidməti ilə məşğul olmuş “NAX TAXI” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunub.
Bu barədə şirkət özü elan edib. Kreditorlar iki ay ərzində tələblərini Naxçıvan şəhəri, Şərur rayonu, Əziz Əliyev küçəsi, ev 2, mənzil 3 ünvanına bildirə bilərlər. Taksi şirkətinin bağlanmasının səbəbləri açıqlanmayıb.
Məlumat üçün qeyd edək ki, bu şirkət 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Etibar Əhmədovdur.
Əldə etdiyimiz məlumata görə, taksi xidməti ilə məşğul olmuş “NAX TAXI” ötən il yaradılandan sonra vur-tut 4 ay işləyib. Dörd aydan sonra fəaliyyətini müvəqqəti olaraq dayandırmağa məcbur olub. Bu günlərdə isə “NAX TAXI” tamamilə bağlandığını elan edib. Ümumən, Naxçıvanda elektron taksi xidməti 2020-ci ildə yaradılıb.
“Bu o demək deyil ki, Naxçıvanda taksi fəaliyyəti aşağı səviyyədədir”
Sözügedən məsələyə aydınlıq gətirən iqtisadçı alim Əli Əlirzayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ola bilsin, bu taksi şirkəti tələblərə cavab verə bilmədiyi üçün fəaliyyətini dayandırıb: “O baxımdan bu o demək deyil ki, Naxçıvanda taksi fəaliyyəti aşağı səviyyədədir. Hazırda mən Naxçıvandayam və taksi xidmətində hansısa problemlə üzləşməmişəm. Çoxsaylı taksilər fəaliyyət göstərir və əhalini rayonlara aparır, gətirir. Naxçıvanda taksi xidməti xidmət sektorunun çox vacib hissəsini təşkil edir. Nəzərə almaq lazımdır ki, Naxçıvan iqtisadiyyatının əsas sferasını elə xidmət sektoru təşkil edir. Özü də taksi xidməti ilə təkcə şirkətlər məşğul olmur. Fərdi şəxslər də qeydiyyatdan keçərək taksi xidməti göstərirlər. Yəni şəxsi maşınını qeydiyyatdan keçirərək taksi xidməti ilə məşğul olur. Bundan başqa, marşrut taksilər var ki, əhaliyə, turistlərə xidmət göstərirlər. Özü də mövsümlə əlaqədar onlara tələbat böyükdür. İstənilən halda əhalinin taksilərə olan tələbatı ödənilir. Haçan zəng vursan taksilər hazırdır. Həm Naxçıvan şəhəri daxilində, həm də rayonlararası taksi xidmətində elə bir problem yoxdur. Hətta deyərdim ki, taksi xidmətində rəqabət də var. Taksi təklifi tələbatdan da çoxdur. Çünki taksi xidməti həm də məşğulluğun bir tərkib hissəsidir. O baxımdan ola bilsin ki, “NAX TAXI” rəqabətə duruş gətirmədiyi üçün fəaliyyətini dayandırıb. Ya da ortada başqa obyektiv və ya subyektiv amillər olub. İstənilən halda bunun Naxçıvanda taksi fəaliyyətinə mənfi təsir edəcəyini düşünmürəm”.
Vidadi ORDAHALLI