AZ

Özəl bağçalara dövlət büdcəsindən pul ayırmaq hansı məmurun marağındadır- adi adamlar özəl bağça açmır...

Image

Elyar İslamoğlu: “Məmurlar da o qrantları elə öz həyat yoldaşlarının, ailə üzvlərinin sahib olduqları bağçalara ayıracaqlar”

Özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərcini dövlət ödəyəcək. Bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib.

Şöbə müdiri bildirib ki, layihə əsasında özəl bağçaların bir qisminin xərclərini dövlət ödəyəcək:

“Müsabiqə ilə dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqlar özəl bağçalarda boş qalan yerlərə cəlb ediləcək və təhsil haqqının bir hissəsi qrant vasitəsilə maliyyələşdiriləcək”.

Bir sıra ekspertlər bildirir ki, özəl bağçalar sadə vətəndaşlar tərəfindən açılmır, bu müəssisələri ya iş adamları, ya da məmurlar açır. Ekspertlərə görə, özəl bağçaların gəlirləri onsuz da az deyil, onlar kifayət qədər pul qazanırlar və belə bağçalara da kasıb ailələrin övladları deyil, varlı uşaqları gedirlər.

Bu baxımdan, dövlət vəsaitinin hansısa bir formada, yaxud qrant şəklində özəl bağçalara cəlb edilməsi elə də yaxşı hal deyil. Ekspertlər deyir ki, özəl bağçalar kasıb uşaqları bağçaya cəlb etmək istəyirsə, bunu daxili hesabına edə bilər və burada dövlətdən pul, qrant ummaz.  

Ekspertlərin sözlərinə görə, Bakıda dövlət bağçasında uşaqları tam olaraq yerləşdirmək mümkün deyilsə, bağçalar üçün əlavə korpuslar tikilsin, ştatlar artırılsın, bu pul elə dövlət müəssisələrinin özlərinə yönəldilsin. Ekspertlərin fikrincə, özəl bağçalar məmurların, imkanlı şəxslərin açdığı müəssisələr olduğu üçün onlara qrant ayrılması onsuz da varlı olan məmurları bir az da varlandırmağa xidmət edə bilər. Özəl bağçalarda uşaqlara heç də dövlət bağçalarından üstün xidmət göstərilmədiyini, tərbiyə, təlim verilmədiyini deyən ekspertlərə görə, ola bilsin, yenə də hansısa məmurlar dövlət büdcəsini bu şəkildə talamaq niyyəti güdür.  

“Özəl bağçalar müəyyən imkanlı şəxslərə, məmurlara, onların həyat yoldaşlarına, qızlarına aiddir” 

Məsələ ilə bağlı “Bakı-Xəbər”ə açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, elm-təhsil mütəxəssisi, ictimai fəal Elyar İslamoğlunun sözlərinə görə, bu müsbət hal deyil: “Özəl bağçalarda boş qalan yerlərə cəlb edilən uşaqların bir qisminin xərcinin dövlət tərəfindən ödənilməsi məsələsini müsbət qəbul etmirəm. Ona görə ki, digər sahələlərdə olduğu kimi, bu sahədə də seçimlərin tam şəffaf olacağına inamım yoxdur. Çünki özəl bağçalara adətən maddi imkanı yaxşı olan şəxslərin, məmurların övladları gedir. Həmin bağçaların aylıq ödəniş haqlarının da çox baha olduğunu bilirik. Yaxşı olar ki, dövlət elə dövlət bağçalarının xərcini ödəsin, uşaqların da hamısı dövlət bağçalarına getsin. Çünki özəl bağçalar müəyyən imkanlı şəxslərə, məmurlara, onların həyat yoldaşlarına, qızlarına aiddir. Amma dövlət bağçaları sırf dövlət müəssisələridir”.

E.İslamoğlunun sözlərinə görə, dövlət bağçalarının maliyyələşdirilməsi, o müəssisələrə gedən uşaqların xərcinin dövlət tərəfindən çəkilməsi daha məqsədəuyğundur. “Kimlərsə özəl bağçalar açıb və o bağçalardan gəlir götürmək niyyətindədir, ora cəlb olunacaq uşaqların da xərclərini həmin o şəxslərin özləri etsələr yaxşıdır. Düşünürəm ki, özəl bağçaların xərcinin bir hissəsini dövlət çəksə bu proses qeyri-şəffaf olacaq. Özəl bağçaların bir qismi bəzi məmurların həyat yoldaşlarına və qızlarına məxsusdur. Məmurlar da o qrantları elə öz həyat yoldaşlarının, ailə üzvlərinin sahib olduqları bağçalara ayıracaqlar. Burada qeyri-şəffaflıq olacaq, dövlətin büdcəsindən maliyyə vəsaiti boş yerə xərclənmiş olacaq, kimlərinsə cibinə gedəcək. Yaxşı olar ki, özəl bağçalara cəlb olunacaq uşaqların bütün xərclərini özəl bağçaları açan imkanlı şəxslər ödəsin” - deyə E.İslamoğlu bildirdi.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
50
baki-xeber.com

10Mənbələr