AZ

Karbon vergisi tətbiq oluna bilər

Məqsəd biznes sektorunu “yaşıl”texnologiyalara istiqamətləndirməkdir

Dünyada qlobal istiləşmə problemi, əsasən, istixana qazlarının emissiyası ilə əlaqədar bir çox ölkələr, o cümlədən, Azərbaycan tullantıların və karbon qazı emissiyalarının azaldılmasını qarşıya hədəf qoyaraq müxtəlif ekoloji layihələrin tətbiqini genişləndirməkdədir. Bu strateji plana əsasən, sənayedə ənənəvi yanacaqdan istifadənin azaldılması və təmiz enerji mənbələrinə keçidin təmin olunması, müasir ekoloji alətlərin geniş tətbiqi nəzərdə tutulur. Bu təşəbbüslər çərçivəsində ölkəmiz 2030-cu ilə qədər qlobal karbon və metan emissiyasını ən azı 30 faiz azaltmağı hədəfləyən birgə beynəlxalq səyləri dəstəkləməkdədir.

Azərbaycan beynəlxalq yaşıl koalisiyanın üzvü kimi qlobal miqyasda geniş vüsət alan “yaşıl iqtisadiyyat” quruculuğunu da yeni dövrün başlıca çağırışlarından hesab edir. Xüsusilə də ölkəmiz COP29-a ev sahibliyi çərçivəsində ətraf mühitin qorunması, sənayeləşmənin ekoloji təsirlərinin azaldılması istiqamətində yeni hədəf tədbirləri müəyyənləşdirib. Yeni ekoloji siyasət çərçivəsində ətraf mühitə dost texnologiyaların geniş tətbiqi, tükənməyən enerji mənbələrindən istifadənin genişləndirilməsi, istilik elektrik stansiyalarında mazutdan istifadənin dayandırılaraq daha təmiz yanacağa keçilməsi, enerji istehsalında su elektrik stansiyalarının və külək, günəş enerjisi stansiyalarını payının artırılması, məişət tullantılarının idarə edilməsi layihəsi üzrə emal zavodlarının yaradılması, aqroparkların sayının çoxaldılması, az karbonlu enerji səmərəlililiyinin təmin olunması, bərpaolunan enerji texnologiyalarından istifadənin maksimum səviyyəyə çatdırılması nəzərdə tutulur.

“Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” hədəfi

Son aylarda “Avro 5” standartlarına keçidin sürətlənməsi və avtomobil parkının yararsız, köhnə maşınlardan təmizlənməsi, elektroavtomobillərin istifadəsinə böyük üstünlüyün verilməsi, sənaye fəaliyyətinin mənfi təsirlərinin azaldılması və bərpaolunan enerji mənbələrinin böyükhəcmli investisiyaların cəlb edilməsi, dünyanın ən nüfuzlu şirkətləri ilə “yaşıl enerji” layihələri ilə bağlı sazişlərin imzalanması ölkəmizin bu istiqamətdə qətiyyətli iradəsini nümayiş etdirir.

Qarşıda duran başlıca qayğılardan biri isə istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının azaldılmasıdır. “Təmiz ətraf mühit və “yaşıl artım ölkəsi” hədəfinə uyğun olaraq “yaşıl enerji” infrastrukturu quran biznes qurumlarına müxtəlif dövlət dəstəyi veriləcək, eyni zamanda, həmin istehsal sahələrinin sahiblərinə vergi güzəştləri tətbiq olunacaq. Eyni zamanda, ekoloji mühiti ağırlaşdıran sənaye sektoru üçün vergi nəzarəti tətbirləri gücləndiriləcək və onlara qarşı müxtəlif məhdudlaşdırıcı addımlar atılacaq. Dünyada geniş yayılmış məhdudlaşdırıcı vergi alətlərindən biri kimi karbon vergisinin tətbiqinə keçidə qərar veriləcək.

Dövlət Vergi Xidməti hazırda yaşıl texnologiyalar tətbiq edən şirkətlərin fəaliyyəti üçün stimullar verməklə biznes icmasının sənayedəki yanacaq emissiyalarından uzaqlaşdırmağa çalışır, sənayeçiləri daha əlçatan investisiya təşviq mexanizmləri ilə əhatə etməklə onları bərpaolunan enerji istehsalı, tullantıların idarə edilməsi və yenidən istifadəsini dəstəkləyən texnologiyaların tətbiqi, dəniz suyunun duzsuzlaşdırılması və dövlət-özəl tərəfdaşlığı çərçivəsində elektrik enerjisi istehsalının həyata keçirilməsinə daha çox sərmayə qoymağa dəvət edir. Karbon vergisinin tətbiqində məqsəd isə onları yanacaq emissiyalarından daha tez uzaqlaşdırmağa çalışmaqdır.

İlk dəfə Finlandiyada...

Dünya ölkələrində geniş tətbiq edilən karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon, dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. İlk dəfə bu vergi 1991-ci ildə Finlandiyada qüvvəyə minib. Avropa İttifaqı ölkələri 2005-ci ildən bu verginin tətbiqinə başlayıb, İsveçrə, Norveç, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisinin müxtəlif növlərini tətbiq edir. Fəaliyyətə görə karbon vergisinin tətbiqi zamanı məhsullara və ya müəssisələrə istehsal etdikləri emissiyalara nisbətdə vergi öhdəliyi müəyyənləşir. Karbon vergisi tətbiq edən ölkələrin təcrübəsi göstərir ki, bu vergi istixana qazı emissiyalarını effektiv şəkildə azaldır. Karbon vergisi tətbiq edən ölkələrdə ekoloji cəhətdən təmiz texnologiyalar və istehsal üsullarından istifadə artıb, ekoloji maarifləndirmə, istixana qazlarının emissiyalarının azaldılması kimi müsbət nəticələr əldə edilib.

Yeri gəlmişkən, 2026-cı ildən Avropa İttifaqının sərhəddə karbon ticarət sistemi tətbiqinə başlayacaq. Aİ-yə üzv dövlətlərin qərarına əsasən, üçüncü ölkələrdən Aİ-yə idxal edilən sement, alüminium, gübrə, elektrik enerjisi, dəmir və polad kimi məhsullara karbon vergisi tətbiq olunacaq ki, bu da Azərbaycanın ümumilikdə həmin vergiyə keçidini labüdləşdirəcək. Ona görə də, hökumət karbon vergisinin tətbiqi ilə sənaye müəssisələrinin ekoloji problem yaratmaqdan uzaqlaşdırmağa, karbon emissiyasından çəkindirməyə çalışmağı düşünür. Ölkəmizin bu vergi rejiminə keçməsindən sonra karbon vergisinə məruz qalacaq sahibkarlar məlum öhdəlikləri nəzərə alaraq öz gələcək fəaliyyətlərini intizamlı, “yaşıl davranış kodeksinə” uyğun qurmalı olacaqlar. Ən optimal yol isə sahibkarların könüllü şəkildə karbon emissiyasını azaldan texnologiyaların geniş tətbiqinə keçməkdir.

Birgə tərəfdaşlıq planı

Beynəlxalq Valyuta Fondu (BVF) da “yaşıl iqtisadiyyat” hərəkatının əsas trendlərindən biri kimi üzv ölkələrə de-karbonizasiya siyasətinin təşviqini sürətləndirməyi və mərhələli şəkildə karbon emissiyasını azaldan fiskal-vergi təşəbbüslərinin reallaşmasını məsləhət görür. Fondun analitikləri hesab edirlər ki, qalıq yanacaqların faktiki qiymətinin artması qısamüddətli perspektivdə xeyli problemlər yaradır, çünki bu, indiki nəslin enerji keçidi ilə bağlı yükü öz üzərinə götürməsini tələb edir: Xüsusilə əhalinin həssas hissəsi və ucuz enerjiyə arxalanan bizneslər ağır zərbə alacaqlar. Vergi daxilolmaları və azaldılmış subsidiyalar vasitəsilə əlavə fiskal resurslar bu təsirləri azalda bilər. Eyni zamanda, uzunmüddətli perspektivdə belə keçid gələcək nəsillərə daha təmiz, enerji cəhətdən daha səmərəli və potensial olaraq daha rəqabətqabiliyyətli iqtisadiyyat formalaşdıracaq.

Valyuta Fondunun yaşıl alətlərlərin təhlili ekspert qrupunun Mərkəzi Asiya və Qafqaz regionu ölkələrində CO2 emissiyalarının azaldılması üçün birgə tərəfdaşlıq planı işləməyə hazır olduqlarını bəyan edib. BVF təklif edir ki, 2030-cu ilə qədər Qafqaz və Mərkəzi Asiya ölkələri yanacaq subsidiyalarının mərhələli şəkildə dayandırmaq və CO2 emisisyasının hər tonuna 4 dollar həcmində vergi tətbiq etməklə biznesi və sənaye icmasını “yaşıl vergilərə” keçidini təmin etmək olar. Qeyd edək ki, Yaxın Şərq, Şimali Afrika, Əfqanıstan və Pakistanda hər ton karbon qazı üçün 8 A?? dolları həcmində vergi tətbiqi nəzərdə tutulur.

BVF-nin tövsiyələrini nəzərə alan Qazaxıstan artıq emissiya ticarəti sxemini tətbiq edib, İordaniya davamlı olaraq yanacaq subsidiyalarından imtina edir, Səudiyyə Ərəbistanı isə bu yaxınlarda regional karbon krediti bazarı yaradıb, digər Asiya və Afrika ölkələri də bu istiqamətdə müxtəlif sxemləri nəzərdən keçirir. Ona görə də Azərbaycan qlobal təşəbbüslərdən geri qalmamaq üçün həm “yaşıl vergi” alətlərinə daha çox üstünlük vermək və karbon vergisinin tətbiqi yolu ilə biznesin fəaliyyətini “yaşıllaşdırmaq” niyyətindədir.

E.CƏFƏRLİ

Seçilən
26
yeniazerbaycan.com

1Mənbələr