Yaponiyanın Fukui Universitetinin alimləri yeni doğulmuş körpələrin göbək qanında yağ turşularının səviyyəsi ilə autizm spektri pozğunluğunun inkişaf riski arasında əlaqə tapıblar.
Tədqiqat yeni doğulmuş körpələrin 200 göbək qanının analizi əsasında aparılıb. Məlum olub ki, diHETrE (araxidon turşusundan əldə edilən diol) birləşməsinin həm artan, həm də azalan konsentrasiyası autizmin yaranmasına əhəmiyyətli təsir göstərə bilər. Alimlər qeyd ediblər ki, qanda yüksəksəviyyəli diHETrE altı yaşında ünsiyyət çətinlikləri ilə, aşağı səviyyələr isə oxşar yaşda olan uşaqlarda təkrarlanan və məhdudlaşdırıcı davranışlarla əlaqələndirilir.
Tədqiqatçılar diHETrE səviyyələrinin qiymətləndirilməsinin uşağın autizmin inkişaf ehtimalını proqnozlaşdırmaq üçün faydalı bir vasitə ola biləcəyini təklif edirlər.
Autizm və ya autizm spektri pozğunluğu (ASD) insanın davranışına, ünsiyyətinə və sosial qarşılıqlı əlaqəsinə təsir edən sinir-inkişaf pozğunluqlarının kompleks toplusudur. Simptomlar müxtəlif insanlarda xeyli dərəcədə dəyişə bilər, lakin çox vaxt sosial qarşılıqlı əlaqədə çətinlik, təkrarlanan davranış və məhdud maraqları ehtiva edir. \\AZƏRTAC