Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Qərarı ilə “Naxçıvan Təlim Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Nizamnamədə Naxçıvan Təlim Mərkəzinin muxtar respublikanın dövlət orqanlarında (qurumlarında) çalışan işçilərin peşəkar inkişafının dəstəklənməsi, gənclərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif mövzularda kursların təşkili və təlimlərin keçirilməsi, eyni zamanda peşə qabiliyyətlərinin yüksəldilməsi məqsədilə fəaliyyət göstərdiyi müəyyən edilmiş, həmçinin Mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri, hüquqları, idarə olunması forması, nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları, ləğvi və yenidən təşkili qaydası öz əksini tapıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2024-cü il 31 iyul tarixli Sərəncamı ilə “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.
Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini Şuranın sədri, Naxçıvan Muxtar Respublikasının təhsil naziri, Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri isə Şuranın üzvləri müəyyən edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Orqanik Naxçıvan” publik hüquqi şəxsin yaradılması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən “Orqanik Naxçıvan” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiq edilməsi barədə Qərar qəbul edilib.
“Orqanik Naxçıvan” publik hüquqi şəxs muxtar respublikada orqanik istehsal sektorunun inkişaf etdirilməsi və orqanik məhsulların istehsalının tənzimlənməsi məqsədilə yaradılıb.
“Orqanik Naxçıvan” publik hüquqi şəxs tərəfindən aparılan işlərin səmərəliliyinin artırılması və görülən işlərə nəzarətin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsasən müşahidə şurası yaradılıb, Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini müşahidə şurasının sədri, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri və Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini müşahidə şurasının üzvləridir.