Əlizadə Nuri 1962-ci il dekabrın 28-də Cəlilabad rayonunun Adnalı kəndində anadan olub.
1983-88-cı illərdə Nəsirəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin fılologiya fakültəsində, daha sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.
Şeirləri müntəzəm olaraq Azərbaycan qəzet və jurnal səhifələrində dərc olunur.
"Arqument.az" şair Əlizadə Nurinin şeirlərini təqdim edir:
Göyə çöp daşıyan bir quşam, ana...
Bu qəmlə bələkdə tanış olmuşuq-
Mən elə bu qəmlə tay-tuşam, ana.
Yerdə yer tapmadım yuva qurmağa,
Göyə çöp daşıyan bir quşam, ana.
Sözün aynası da qırıldı bu gün...
Sonuncu ümid də vuruldu bu gün.
Dərd mənə çatınca yoruldu bu gün-
Mən tanrı dağına yoxuşam, ana...
Daha bundan belə mən kiməm, nəyəm?
Bəxtimin əynində qara köynəyəm.
Çəmən bitirməyən, ot bitirməyən
Səhraya tökülən yağışam, ana.
Bu ipi kim çəkib çəpər eyləyib?
Şeytanın evinə səfər eyləyib...
Xaraba salana xəbər eyləyin-
Mən o xarabada bayquşam, ana.
Sənin haqq bildiyin haqq-hesab imiş,
Ölüm-iynə imiş, ömür-sap imiş...
İçdiyim süd imiş, ya şərab imiş-
Dünyaya gələndən sərxoşam, ana?!..
Darıxmağın rəsmi
Yuxuma dağıtmısan,
Saçının yumşağını.
Sən yoxsan, kim böyütsün
Bu sevda uşağını?
Yol tapıb çıxa bilmir,
Bu tinim, bu dalanım.
Mən sevgi qaçqınıyam-
Gəl, səndə daldalanım...
Bu yolu göndərmisən,
Sən mənə azmaq üçün?
Ürəyim bir divarmış
Şəklini asmaq üçün.
Ümidim körpə kimi,
Ağlayır qundağında.
Arzularım can verir
Kədərin qucağında.
Hardasan, hardan bilim,
Mən hara üz döndərim?-
Darıxmağın rəsmini
Çəkib sənə göndərim.
Özün məndən uzaqsan,
Kölgən keçir yanımdan.
Adına soyuq dəyər,
Düşmə dodaqlarımdan...
Dərdi övladlığa götürmüşəm mən...
Salıb son ümidi itirmişəm mən,
Özüm də bilmirəm indi necəyəm.
Dərdi övladlığa götürmüşəm mən-
Onu balam kimi böyüdəcəyəm...
Çatıb ağaclara payızın səsi,
Yarpaqlar az qalır yerə düşməyə.
O son budaqdakı sərçə neynəsin
Başqa budaq yoxsa yer dəyişməyə?
Günəş istəyirəm - getmir bu axşam,
Sevinc qatarı da bizi götürmür.
İlahi, deyəsən ağır olmuşam-
Məni bu dünyanın gözü götürmür...
Sən elə bilirsən diriyəm, qızım,
Sənin də bir ümid bəxtinə düşüb.
Yaxşı ki, gələndə ,,qara kağız"ım
Oxuya bilməyən vaxtına düşüb.
...Salıb son ümidi itirmişəm mən
Özüm də bilmirəm indi necəyəm.
Dərdi övladlığa götürmüşəm mən-
Onu balam kimi böyüdəcəyəm...
Sənin adına şəhər
Mən sənin adına şəhər salmışam,
Bu gün ad qoyuram küçələrinə.
Oturub şəhəri tumarlayıram-
Saçını sərmisən gecələrinə...
Özünə dərd edib bizim şəhəri,
Bu xırda şəhərlər, bu tin-şəhərlər.
Mən sənin adına şəhər salmışam-
Qaçıb xəritədən bütün şəhərlər.
...Gəl, öz şəhərini göstərim sənə,
Uzaqda deyil ki, könlüm yanıdı.
Mən sənin adına şəhər salmışam
Ürəyim-şəhərin baş meydanıdı.
...Tikdim ürəyimin sahillərində,
Qorxdum gözlərimdən keçər, yan keçər.
Qala qapısıyam mən bu şəhərin-
Təkcə sənin adın qapıdan keçər...
Tanrı bu şəhərə səni şah seçib,
Nə fərqi:- sarayı, ya taxtı olsun.
Bir şəhər salmışam sənin adına
Saldım ki, eşqin də paytaxtı olsun!
...Qapını gün açar, pəncərəni ay,
Bir yanı gündüzdü, bir yanı axşam.
Nə olsun, dünyanı verə bilmədim
Sənə SEVGİ adlı şəhər salmışam...
Girib bu şəhəri gəzirəm hərdən,
Çıxmaq istəyəndə kimsə "qal" deyir.
Sənə dünya boyda şəhər salmışam-
Gör sənə bu "şəhər" darısqal deyil?!.