“Ermənistan hökuməti müxtəlif hiylələrdən istifadə edərək, ictimaiyyətin ölkənin problemlərinin diqqətini özünün iştirakı olmadan necə həll olunduğundan yayındırır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli politoloq Qaqik Ambaryan deyib.
“Bölgədə partlayıcı vəziyyət və böyük müharibə təhlükəsi fonunda Paşinyanın qayğısız şəkildə velosiped sürməsi hər kəsi niyə təəccübləndirir? Bu komandanın normal iş üsulları bunlardır. 2023-cü ilin sentyabrından sonra nə baş verdiyini xatırlayaq. Üç aydan sonra İrəvanın mərkəzində Yeni il ağacının qurulması ilə bağlı böyük şənlik təşkil edildi. İndi bütün bunların fonunda regiondakı təhdidlər yerli elitanın əhval-ruhiyyəsinə təsir edə bilərmi?”, - deyə Ambaryan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan nəinki regionda gedən proseslərə, hətta onu birbaşa maraqlandıran məsələlərə də təsir etmək iqtidarında deyil:
“Ermənistanla bağlı danışıqları Türkiyə və Rusiya, Rusiya və İran, Azərbaycan və İran, Azərbaycan və Aİ və ABŞ-ın təmsil etdiyi Qərb aparır. Paşinyan özü üçün yalnız bir vəzifə görür - ictimaiyyətin diqqətini başqa nöqtələrə yayındırmaq. İndiki hökumət Ermənistanın gələcəyi ilə maraqlanmır, çünki bu gələcək ondan asılı deyil. Əgər əvvəllər regionumuzda gedən proseslərə müəyyən qədər təsir göstərə bilirdiksə, indi bizə birbaşa təsir edən məsələlərə belə təsir göstərmirik”.
Musavat.com