“Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində IV Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, Qazaxıstanın Çimkənd şəhərində 6 avqust 2024-cü il tarixində baş tutan açılış mərasimində iştirakçılarla yanaşı Azərbaycan Diasporuna Dəstək Fondunun, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin, yerli ictimaiyyətin nümayəndələri, diaspor fəalları, “Xarı Bülbül” Qarabağ Etnomədəni birliyinin əməkdaşları və üzvləri, yerli musiqiçilər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan ADDF-in icraçı direktorunun müavini Şahin Camalov layihənin yaranması və əhəmiyyəti, bu günə qədər keçirilmiş düşərgələr, iştirakçılar barədə məlumat verib, keçən il Azərbaycanda baş tutan III Qış düşərgəsi barədə maraqlı məlumatları iştirakçılarla bölüşüb. O həmçinin ərazi bütövlüyümüzün bərpası zamanı şəhid olan qəhraman vətən oğullarının bizlərə əmanət qoyduğu övladlarına dövlət qayğısından bəhs edərək adıçəkilən düşərgənin də məhz bu əhəmiyyətli dövlət siyasətinin bir parçası olduğunu qeyd edib. Daha sonra layihənin müəllifi “İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri, həmçinin düşərgənin təlimçisi Qasım Nəsirov və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndəsi Aygün Ramaldanova layihə və düşərgə barədə çıxış edərək iştirakçılara öz tövsiyyələrini veriblər. “Xarı Bülbül” Qarabağ Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva isə çıxışında Azərbaycan Diapsoruna Dəstək Fonduna bu cür əhəmiyyətli layihəni məhz rəhbərlik etdiyi təşkilatla birlikdə keçirdiyi üçün minnətdarlığını bildirib.
Tədbir sonradan mədəniyyət nümayəndələrinin bir-birindən maraqlı musiqi nömrələri ilə davam edib.
Məlumat üçün bildirmək istərdik ki, düşərgədə Qazaxıstanda fəaliyyət göstərən “Xarı Bülbül” Qarabağ Etno-mədəni birliyinin “Həftəsonu Qarabağ məktəbi”ndən 10 və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası zamanı müxtəlif vaxtlarda şəhid olmuş qəhrəmanlarımızın 10 övladı iştirak edir. Düşərgə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifə və öhdəliklərin yerinə yetirilməsi məqsədilə “Azərbaycandan Yaşıl Dünya Naminə” devizi altında Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Qazaxıstan Respublikası “Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Xatırladaq ki, düşərgənin 1-ci hissəsi 21-27 dekabr 2023-cü il tarixində Bakı şəhərində keçirilib.