Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun arasında görüş olub. Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlər, o cümlədən təhlükəsizlik məsələləri müzakirə olunub. Dövlət başçısı Azərbaycan ilə Rusiya arasında mütəmadi təmasların regionda gedən proseslər üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini və bu prosesin iki ölkə arasında anlaşmaların həyata keçirilməsində, təhlükəsizlik, nəqliyyat, enerji, hərbi-texniki sahələrdə əməkdaşlıqda töhvə verdiyini bildirib. Bundan əlavə, Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə bu məsələlərlə bağlı mütəmadi görüşlər keçirdiklərini bəyan edib.
Prezident həmiçinin hökumətlərarası komissiyanın fəaliyyətindən danışıb və yaxın vaxtlarda Bakıda komissiyanın iclasının keçiriləcəyini bildirib. O, həmçinin iki ölkənin digər qurumları arasında fəal əlaqələrin davam etdiyini bildirib. Prezident Əliyev iki ölkənin siyasi liderləri arasında qəbul edilmiş qərarların və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əməkdaşlıq haqqında” bəyannamənin uğurla həyata keçirildiyini məmnunluqla bildirib. O qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri bəzi qonşu ölkələr üçün nümunədir və Cənubi Qafqaz kimi, geniş regionlarda da mühüm təhlükəsizlik idealı təşkil edir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu göstərilən səmimi münasibətə görə Azərbaycan tərəfinə təşəkkür edib. Şoyqu ölkələr arasında regional təhlükəsizlik, hərbi-texniki, nəqliyyat və iqtisadiyyat sahələrində əlaqələrin uğurla inkişaf etdiyini və bu əməkdaşlıq çərçivəsində mühüm məsələlərin uğurla həll edildiyini bildirib. O, Şimal-Cənub dəhlizinin bu əməkdaşlığa nümunə olduğunu və bu məsələ ilə bağlı üçtərəfli əsasda böyük işlərin görüldüyünü diqqətə çatdırıb. O, həmçinin Rusiyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini açıqlayıb. Görüşdə “3+3” formatında əməkdaşlıq imkanları da müzakirə olunub. Belə ki, Rusiya və Azərbaycan “3+3” regional platformasının fəal və təşəbbüskar iştirakçılarıdır. Məhz bu format regionda daha çox ehtiyac duyulan sabitlik və təhlükəsizliyin təminatını vəd edir. Onu da qeyd edək ki, “3+3” regional platformasında Azərbaycan, Türkiyə, Ermənistan, Rusiya, İran və Gürcüstan iştirak edir. Beləliklə “3+3” formatında regional əməkdaşlıq çoxtərəfli təhlükəsizlik vəziyyətinin genişləndirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilə bilər. Bir başqa perspektivdən 3+3 Azərbaycan- Ermənistan münasibətləri üçün dialoq və dolayısıyla normallaşma vəd edir.
Bu görüş ümumilikdə onu göstərir ki, Azərbaycan ilə Rusiya arasında strateji əməkdaşlıq və diplomatik münasibətlər möhkəmlənmə yolunda irəliləyir. İlham Əliyev və Sergey Şoyqu arasında dialoq iki ölkənin qarşılıqlı maraqları və təhlükəsizlik qayğılarını nəzərə alaraq münasibətlərini dərinləşdirmək səylərini əks etdirir. Böyükmiqyaslı layihələrin, xüsusilə Şimal-Cənub dəhlizinin vurğulanması iki ölkənin regional strategiyalarında ümumi məqsədlərin və infrastruktur layihələrinin rolunu ortaya qoyur. Bundan başqa, Azərbaycan-Rusiya münasibətlərinin digər ölkələr üçün nümunə olması nüansı və onun Cənubi Qafqazda təhlükəsizlik dinamikasına təsiri də bu əməkdaşlığın regional sabitlik baxımından mühüm rol oynadığını göstərir. Nəticədə, bu cür dialoqlar iki ölkə arasında strateji əməkdaşlığı gücləndirməklə yanaşı, regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verir. Bu, həm Azərbaycanın, həm də Rusiyanın regional və beynəlxalq arenada rolunu gücləndirə, sabitliyi artıra bilər.