AZ

Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib - FOTO

Xalqımızın qeyd etdiyi Zəfər tək Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, bütövlükdə bölgənin üzərində asılan “Domokl qılıncı”nın neytrallaşdırılması simvoludur. Qarabağ zəfəri həm də Türk dünyasının bütünləşməsi istiqamətində əhəmiyyətli təkandır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə belə bir fikir işlədib: “Dünyada uzun illərdir sistemli böhran yaşanır. Bu böhran qarşısında biz türk dövlətləri özündə siyasi, hərbi və iqtisadi sferaları birləşdirən qüvvələr ittifaqı yaratmaq istəyirdik. Türk dövlətləri arasındakı bu həmrəylik və birlik ruhu bütün sahələrdə inkişaf etməyə başlayıb. Türk dövlətləri arasında artıq siyasi birlik var. Qarabağ bu birliyin bütün dünyaya sübutu oldu”.

Həqiqətən də Azərbaycanın Qarabağ zəfəri Türk dünyasının bütünləşməsi istiqamətində əhəmiyyətli təkandır. Bu qələbədən sonra sovetlərin çöküşü ilə aktuallaşan həmrəylik nəzəri çərçivələri aşıb praktiki sima almağa başlayıb. Türkiyə liderinin bu sözləri Azərbaycanın 2020-ci ilin Vətən müharibəsindəki qələbəsinin sadəcə iki dövlət arasındakı savaşın nəticəsi hüdudlarından dəfələrlə miqyaslı və tarixi əhəmiyyətli hadisə olduğunun təcəssümüdür. Xalqımızın qeyd etdiyi Zəfər tək Azərbaycanın ərazi bütövlüyünün bərpası deyil, bütövlükdə bölgənin üzərində asılan “Domokl qılıncı”nın neytrallaşdırılması simvoludur.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə hazırlayıb.

Yeni təhlükəsizlik düzəni

Son 30 ildə Cənubi Qafqazdakı status-kvonu xarici təsirlərin vəhdəti və mübarizəsi kimi qiymətləndirmək olardı. Bölgədə həm regional, həm də uzaqdan idarə olunan güclərin toqquşan maraqları və bu maraqlardan doğan tarazlaşdırılmış sabitlik hökm sürürdü. Belə bir vəziyyət region təmsilçilərindən başqa sanki hamıya sərf edirdi. Rusiya Ermənistan vasitəsilə Cənubi Qafqazın hökmran geosiyasi oyunçusu idi, İran regiona yad və düşmən ünsürlərin daxil olmasını istəmədiyindən status-kvo ilə qənaətlənirdi, Qərb isə yaranmış sabitlikdən özünün enerji maraqları naminə komfortlu istifadə şəraitindən məmnun idi.

Güc mərkəzlərindən fərqli olaraq, Azərbaycan və Gürcüstanın əraziləri işğalın, Ermənistanda isə məhdud hakim klan istisna olmaqla, sıravi xalq tənəzzülün əsirliyində idi. Azərbaycanın qələbəsi dolayı yolla orta statistik erməninin maraqlarına cavab verir. Real rejimdə sülhün təmin olunması və müharibənin mənəvi-psixoloji yükündən azad olma, perspektivdə isə yeni geosiyasi mənzərənin yol açacağı iqtisadi kooperasiyanın dividendlərindən yararlanma mümkünlüyü. Təbii ki, Ermənistan hökumətinin praqmatikliyi və ağıllı davranışı şərti ilə.

Yeni təhlükəsizlik arxitekturası bölgə təmsilçilərinə xarici təsirlərin manipulyasiyasından qurtulmaq üçün sanballı şansdır. Ermənistanın məğlub olmasına baxmayaraq, seçicilərin Nikol Paşinyan hökumətinə elektoral dəstəyi bu şansın sadə xalq tərəfindən dərk edildiyinin göstəricisdir. Ermənistanda anti-Rusiya təzahürlərinin getdikcə radikallaşması ermənilərin geosiyasi istiqamətlərini dəyişmələrindən daha çox, son 30 ilə qarşı etdikləri qiyamdır. Azərbaycan torpaq itirmişdisə, Ermənistan gələcəkdən məhrum olub. Biz torpaqları 44 gün, 23 saat 50 dəqiqəyə qaytardıq, ancaq ermənilər əldən verdikləri gələcəyə belə tezliklə qovuşa bilməyəcəklər.

Separatizmin süqutu

II Qarabağ müharibəsinin nəticələri və sonrakı üç il Azərbaycan ərazisində kök salmış aqressiv separatizmin məğlub edilməsi ilə yanaşı, Qafqazın cənubundakı siyasi, iqtisadi və ən əsası insani münasibətləri əsir götürmüş buzların əriməsi dövrüdür. Azərbaycanda Qarabağın, Gürcüstanda isə Abxaziya və Cənubi Osetiyanın işğalı ilə formalaşmış 30 illik düzən bərqərar olmuş qüvvələr düzümünə söykənən de-fakto təhlükəsizlik modelinə əsaslanırdı. Bu illər göstərdi ki, mövcud “sabitlik” onun memarları və icraçıları ilə yanaşı, sanki bütün dünyaya sərf edirdi. Azərbaycanın Qarabağ zəfəri isə daha dayanıqlı və ədalətli yeni reallığın yaranmasına səbəb oldu. Bu gerçəkliyin ən vacib dayağı tək de-fakto deyil, həm də de-yure statusa malik olmasıdır. BMT TŞ-nin 27 il icrasız qalmış 4 qətnaməsini həyata keçirməklə Azərbaycan həm beynəlxalq hüququn təsir dairəsinin bərpasına nail oldu, həm də faktiki olaraq postsovet məkanında mövcud olan oxşar münaqişələr üçün presedent rolunda çıxış etdi. Şübhə yoxdur ki, Azərbaycanın qələbəsi bu konfliktlərin həllində baza modeli olacaq. Bu tarixi gün keçmiş SSRİ məkanında separatizm paradının sonunun başlanğıcına işarədir. 

Regional rifah

Cənubi Qafqaz kimi kiçik bölgədə bir dövlətin xaricdən qidalanan aqressivliklə digərlərini təhdid etməsi şəraitində ayrıca götürülmüş bir ölkənin iqtisadi yüksəlişi sabitlik və təhlükəsizlik baxımından təminat tələb edir. Ərazilərinin itkisinə baxmayaraq, sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycan üçün erməni separatizmi və militarist ritorikalı yeni bəyanatlar uzunmüddətli rifahın təminatı yolunda ciddi maneələrə səbəb olurdu. Eyni təhlükəni qonşu Gürcüstan da hiss edirdi, erməni radikallarının Cavaxetiya bölgəsinə iddiaları getdikcə daha da aşkar görüntü alırdı. Azərbaycanla Gürcüstanın müştərək şəkildə həyata keçirdikləri transmilli iqtisadi layihələr onların Ermənistandan sürətlə aralanmasına səbəb olsa da, “Ac qonşu hər an təhlükə mənbəyidir” prinsipini heç kim təxirə salmamışdı. Azərbaycanın zəfəri Qafqazda elə bir iqtisadi kooperasiya imkanı yaradıb ki, savadlı yararlanma təqdirində həm də tənəzzüldə olan Ermənistan üçün yeni üfüqlər açılır. Zəfərimiz həm də daha geniş anlamda bölgə üçün xarici təhdidlərdən qurtulmanı təmin edə bilər. İqtisadiyyat siyasi və tarixi ədavəti unutdura biləcək ən güclü faktordur. Bu gün Azərbaycan “orta güc” olaraq bütün bölgə üçün siyasi və iqtisadi lokomotiv qismində çıxış edir. Təbii ehtiyatları, logistik imkanları, sənaye potensialı ilə bir, aşkar demoqrafik üstünlüyü, intellektual potensialı və daxili həmrəyliyi ilə digər tərəfdən. Biz bunu Gürcüstanla 20 ildən çox tarixi olan əməkdaşlıqla sübuta yetirmişik. Ermənistanın dirçəlişinin yeganə yolu Azərbaycanla sülh şəraitində yaşamaqdır. Əks halda, nə hakimiyyətlərin dəyişməsi, nə islahatlar erməni xalqını tarix boyu izləyən mənəvi-siyasi bataqlıdan qurtara bilməz. Müdriklər səhv etmirlər, ağıllılar digərlərinin səhvlərindən nəticə çıxarmağı bacarırlar, axmaqlar isə öz səhvlərini daim təkrarlayırlar. Ermənistan Azərbaycanın tarixi Zəfərindən dərs çıxarmağı bacarmalıdır.

Seçilən
836
50
seher.media

10Mənbələr