Azərbaycan boksçusu Alfonso Dominqes Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final döyüşünü keçirib.
92 kq çəki dərəcəsində yarışan təmsilçimiz özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.
Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, A.Dominqes gümüş medalla kifayətlənməli olub.
İdmançı jurnalistlərə açıqlamasında gümüş medal qazanmasını belə dəyərləndirib:
"Bu gün mənim günüm deyildi. İstədiyim kimi alınmadığı üçün qızıl medal qazana bilmədim. Rəqib də çox güclü idi və daha yaxşı motivasiya olmuşdu. Heyif ki, düşündüklərimi rinqdə həyata keçirə bilmədim.
Döyüşdən əvvəl rəqibimi analiz etmişdim, lakin qurduğum taktika effekt vermədi. Elə idmançıyam ki, öz məğlubiyyətimi qəbul edirəm və heç bir bəhanə axtarmıram. Alınmadı, buna baxmayaraq yaxşı nəticə göstərdim, gümüş medal qazandım və tarix yazdım. Azərbaycan tarixində ardıcıl medal qazanan ilk boksçu oldum.
Fəxr edirəm ki, gümüş medal qazandım. Əlbəttə, bütün idmançılar kimi qızıl qazanmaq istəyərdim. Söz verirəm ki, bir gün qızıl medal da olacaq. Bu gün qismətimdə gümüş medal var idi".
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.