Belarus Müdafiə Nazirliyi Ukrayna ilə sərhədə tankların daşınmasına başlayıb.
“Cebheinfo.az” xəbər verir ki, bu, Qomel və Mozır istiqamətlərində qoşun qruplaşmalarının gücləndirilməsi qərarı çərçivəsində edilir.
“Mexanikləşdirilmiş birləşmələrdən birinin bölmələri qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə hazırdır. Hərbi qulluqçular hərbi texnikanı dəmir yolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayırlar”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Bir gün əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna sərhədi yaxınlığında qoşun qruplarının gücləndirilməsi barədə göstəriş verib. Respublikanın müdafiə naziri Viktor Xrenin bildirib ki, bu ərazilərə xüsusi əməliyyat qüvvələrinin bölmələri, quru və raket qoşunları göndərilib. Onların arasında “Polonez” raket sistemləri və “İsgəndər” kompleksləri var.
Bu qərardan əvvəl Lukaşenko Ukraynanın pilotsuz hücum təyyarələrinin Belarusun hava məkanını pozduğu iddiası ilə bağlı bəyanatlar vermişdi. Prezidentin sözlərinə görə, bütün pilotsuz təyyarələr Belarus Respublikasının hava hücumundan müdafiəsi tərəfindən vurulub.
Lukaşenko Kiyevi təxribatda və bütün razılaşmaları pozmaqda ittiham edib və bunun fonunda Belarus Hərbi Hava Qüvvələrinin gücləndirilmiş döyüş hazırlığına gətirildiyini bildirib.
“İstənilən təxribat cavabsız qalmayacaq”, - deyə dövlət başçısı hədələyib.
Belarusun "İskəndər" və "Polonez”ləri sərhədyanı ərazilərə köçürmək niyyəti Ukrayna Silahlı Qüvvələrinin komandanlığını Kursk vilayətindəki hücumdan yayındırmaq cəhdidir.
Ukrayna silahlı qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin ərazisinə daxil olub. Regionda gedən döyüşlər zamanı Ukrayna ordusu ən azı 100 kvadrat kilometr Rusiya ərazisini nəzarətə götürə bilib, onlarla rus hərbçisi əsir götürülüb.
“Rusiya Silahlı Qüvvələrinin Ukrayna Silahlı Qüvvələri ilə qarşı-qarşıya gələ bilməməsi Vladimir Putini və bütün Rusiya komandanlığını əsəbiləşdirib”,-deyə adının çəkilməsini istəməyən dörd yüksək rütbəli rusiyalı məmur “The Moscow Times”-a bildirib.