Dünən başa çatan həftə ölkə futbolu üçün xoş hadisələrlə yadda qalmadı. Halbuki azarkeşlər çərşənbə axşamına qədər bayram ab-havasında və yetərincə xoşbəxt görünürdü. Səbəb bəllidi: komandamız avrokubokların 3-cü təsnifat mərhələsi çərçivəsində ilk oyunlarını keçirəcəkdi.
Əvvəl “Qarabağ” minlərlə azarkeşin kefinə soğan doğradı. Düzü, “Ludoqorets”lə qarşılaşan “köhlən atlar”ın yüzdəyüz qalib gələcəyini proqnozlaşdırmaq çətin idi. Ona görə ki, bu yöndə bəzi məqamlar düşündürücü idi. Məsələn, Bolqarıstan klubları həmişə bizimkilərə başağrısı olub. Lakin Qurban Qurbanovun komandası ötən mövsüm Avropa Liqasında xarüqələr yaratdığından böyük güvən qazanmışdı. Qısası, “Qarabağ” futbol ictimaiyyətini xəyal qırıqlığına uğratdı.
Ardından “Sabah” və “Zirə” səfər matçında meydana çıxdı. “Qartallar” “Osiyek”lə heç-heçə edərək müəyyən uğura yiyələnsə də, “bayquşlar” cütün aşkar favoriti olduğu halda, minimal hesabla uduzdu. Masazır təmsilçisinin səbəb kimi azlıqda qalmasına sığınmaq gülünc olar. Ona görə ki, “Sent Patriks” oyunboyu dominant futbol sərgiləyərək haqlı qələbə qazandı. Rəşad Sadıqovu anlamaq olar, amma Krunoslav Renduliçin komandasından razı qalması üz qızardan sözlərdi. Nəinki yerlilərin, legionerlərin belə özünü yaxşı tərəfdən göstərə bilmədiyi oyuna görə, sadəcə, utanmaq lazımdı. Əlbəttə, yeganə günahkar Renduliç deyil. Sadıqovun komandası guya göz oxşadı? Son dəqiqədə bəxt sayəsində qazanılan penaltiylə məğlubiyyətdən yaxa qurtaran komanda baxımlı oyun göstərmədi. Səmimi olsaq, Qurbanov da strategiyanı düzgün seçməmişdi. “Qarabağ”ın ən güvənilənləri - Zubir, Benzya və Romao heç nə ilə yadda qalmadı. “Zirə”nin Ceyhun və Rüstəmi biabırçı oyunla diqqəti çəkdisə, “Sabah”ın hücum xəttinin aparıcı simaları – Mikels, Şafranko və Parris üzümüzü ağ etmədi.
Çatışmazlıqlar çoxdu. Lakin avrokuboklardakı taleyimizin sırf cavab matçından asılı olması ürəkaçan məsələ deyil. Bəli, bu turnirlər elə səviyyədədi ki, çox vaxt hesabdan asılı olmayaraq, cütün taleyinə sonuncu matçda aydınlıq gəlir. Bəlkə də indidən komandaları asıb-kəsmək məqsədəuyğun deyil. Yaxşı, bəs nə vaxt danışaq? “Qarabağ” ÇL-nin qrup mərhələsi hədəfinə çata bilməyəndən sonra, yoxsa “Zirə” və “Sabah”ın baş məşqçilərindən “artıq ölkə çempionatına köklənəcəyik” sözlərini eşidəndən sonra? İndi özümüzü aldatmağın vaxtı deyil. Daim premyer-liqa matçlarında azarkeş azlığından şikayətlənənlər məhz avrokuboklarda özünü sübut edib tələblərini irəli sürməlidi! “Köhlən atlar” və “bayquşlar” ilk oyundan sonra favorit statusunu böyük ölçüdə itirdi. “Qartallar”ın durumu qənaətbəxşdi ki, heç-heçəni yaxşı nəticə saymağa məcbur olmağımız utandırıcıdı.
Cavab oyunlarına gəlincə, təmsilçilərimizin növbəti mərhələyə adlamaq şansı hələ də var. “Sabah” və “Zirə” “doğma divarlar” arasında rəqibini mübarizədən kənarlaşdıra bilər. Bəli, mümkündü. “Qarabağ”ın durumu da çıxılmaz deyil.
“Ludoqorets”i səfərdə yenmək olar. Onsuz da ilk oyunlarda komandalarımızdan tələb böyük deyildi. Sadəcə, üçünün bir qələbə belə qazana bilməməsi futbolumuzun ümumi mənzərəsinin acı təzahürü, premyer-liqanın səviyyəsinin güzgüsüdü. “Qarabağ”dakı müəyyən istisnaları saymasaq, yerlilər Avropa meydanlarında söz sahibi olmağa qadir deyil. Nəinki fiziki cəhətdən zəif, hətta rəqib azarkeşlərinin təzyiqinə belə tab gətirməyən oyunçularla hara getdiyimizi özümüz də bilmirik. Halbuki başqaları ölkəmizdə, minlərlə azərbaycanlının gözü önündə ya ilk oyunda qələbə qazanır, ya da cütün taleyini öz xeyrinə həll edir.
İndi üç komandamız pley-offa adlamaq şansını qoruyur. Belədə gözümüzü növbəti həftəyə dikirik. Bu həftəni unutmalı olsaq da, səhvlərdən nəticə çıxarmağı unutmamalıyıq. Bəlkə də bir neçə gün sonra bütün təmsilçilərimizin pley-offa vəsiqə qazanmasını bayram edəcəyik. Komandalar bu həftə yaşatdıqlarını şirin qələbələrlə əvəzləyəcək. Odu ki, toparlanmaq və meydana sırf qələbə üçün çıxmaq lazımdı. Onsuz da indiyə qədər UEFA reytinqində qazandıqlarımız “əldən çıxdı”. Yenə gerilədik. İndi həm ümidləri doğrultmalı, həm də reytinqimizi zənginləşdirməliyik.
Sözsüz, çərşənbə axşamı hər kəsin qəlbi “Qarabağ”la olacaq. Evdə meydana çıxacaq “Sabah” və “Zirə”ni də tək qoymaq olmaz. Əlbəttə, söhbət anşlaq yaratmaqdan gedir. Necə deyərlər, güc birlikdədi!
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta