Xəbər verdiyimiz kimi, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumu ruslar üçün ağır itkilərlə nəticələndi. Əməliyyat planıyla bağlı müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, Ukrayna ordusunun Kurska hücum planından Rusiya ordusunun komandanı Valeri Gerasimovun xəbəri olub. O, bu barədə nə prezident Vladimir Putinə məlumat verib, nə də Kurska müdafiə xətti yaradılıb.
Bakupost.az -a açıqlamasında politoloq Zərdüşt Əlizadə bu məlumatın inandırıcı olmadığını deyib.
O, bunun şayiə olduğunu bildirib:
“Bu hərbi sirrdir, kim yaya bilər ki? Yanlış xəbər yayıb şöhrət qazanmaq niyyətindədirlər. Belə bir xəbərə şəxsən mən inanmaram. Çünki çoxlarından fərqli olaraq mən orduda qulluq etmişəm, baş qərargahla da işləmişəm və bütün bu əlaqələr seriyasını da yaxşı bilirəm. Boş söhbətdir, mən buna inanmıram”.
Politoloq Rusiyanın Kurska görə Kiyevə zərbə endirə biləcəyini deyib:
“Tərəflər arasında barışmaq, güzəşt hissi yoxdur. Onlar müharibə yoluyla yollarına davam edirlər. Ona görə də Rusiya Kiyevə zərbə endirə bilər”.
Z.Əlizadə Ukraynanın Kursk əməliyyatının Qərblə birlikdə hazırlandığını bildirib:
“Ukraynanın Kursk əməliyyatını Qərbdən gizlin hazırlaması inandırıcı deyil. Bu ən yüksək səviyyədə razılaşdırılıb, amma çalışıblar ki, məlumat sızmasın. Əməliyyatın başlanması isə gözlənilməz olub”.
Vasif
BakuPost