AZ

ABŞ İranın bu həftə İsrailə hücum edə biləcəyini deyir

Birləşmiş Ştatlar avqustun 12-də bildirib ki, kəşfiyyat dəyərləndirmələri ilə razıdır, İran və/yaxud onun Yaxın Şərqdəki proksiləri bu həftənin əvvəlində İsrailə hücum edə bilərlər. Vaşinqton Tehranı davamlı hədələrdən əl çəkməyə çağırıb. Milli təhlükəsizlik sözçüsü Con Körbi (John Kirby) jurnalistlərə deyib ki, prezident Co Bayden Qərbdəki əsas müttəfiqlərlə vəziyyəti müzakirə edib. Onun sözlərinə görə, Vaşinqton İranın İsrailə tezliklə hücum edə biləcəyi barədə xəbərlərə ciddi yanaşır. ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal qruplaşmasının siyasi lideri İsmayıl Haniyənin iyulun 31-də Tehranda qətlinə görə İran İsraili ittiham edir və buna görə cavab verəcəyini bildirib. Bu isə regionda daha böyük münaqişənin başlaya biləcəyi ilə bağlı qorxu yaradıb. “Ciddi hücumlara hazır olmalıyıq. Bu səbəbdən son bir neçə gündə regiondakı qüvvələr nisbətimizi gücləndirmişik”, – Körbi vurğulayıb. “Regionda əhəmiyyətli sayda qüvvəmiz var. Son bir neçə gündə onların nisbətini müəyyən qədər dəyişmişik. Prezident əmindir ki, İsrailin müdafiəsinə kömək göstərməyə qadirik”, – Körbi əlavə edib. Artan gərginlik fonunda Pentaqon Yaxın Şərqdə qüvvələrini gücləndirib. Vaşinqton müttəfiqi İsrailə dəstəyini dəfələrlə vurğulayıb. Britaniya, Fransa, Almaniya və İtaliya ilə birgə bəyanatda Ağ ev bildirib: “İranın təcavüzünə və İranın dəstəklədiyi terrorçu qrupların hücumlarına qarşı İsrailin müdafiəsinə dəstəyimizi ifadə etdik”. Bəyanat müəllifləri həmçinin İranı İsrailə qarşı hərbi hücumla bağlı davam edən təhdidləri azaltmağa çağırırlar. Almaniya kansleri Olaf Şolts və Britaniyanın baş naziri Keir Starmer İran prezidenti Məsud Pezeşkiana ayrı-ayrılıqda telefon zənglərində regionda hərbi gərginliyi qızışdırmaqdan çəkinməyə çağırıb. Vaşinqtonun Tehranla diplomatik münasibətləri yoxdur. Şoltsla danışıqdan sonra İranın rəsmi IRNA xəbər agentliyi prezident Pezeşkiana istinadla yazıb ki, “İran bütün ölkələrlə təmasların genişlənməsini alqışlayır, problemləri danışıqlar yoluyla həll etməyin gərəkdiyini vurğulayır, amma təzyiqə, sanksiyalara, qorxutma və təcavüzə boyun əyməyəcək”. “İran təcavüzkarlara beynəlxalq qaydalara uyğun şəkildə cavab verməyi öz hüququ sayır”, – Pezeşkian deyib. HƏMAS ekstremistləri oktyabrın 7-də İsrailin cənubuna girərək 1 min 200 nəfəri qətlə yetirib, 250 nəfəri girov götürüb. Bundan sonra İsrail Qəzza zolağında hava və quru əməliyyatına başlayıb. HƏMAS-ın səhiyyə rəsmiləri 39 minə yaxın insanın öldürüldüyünü deyirlər. AzadlıqRadiosu

Seçilən
142
50
xural.com

10Mənbələr