AZ

Parlamentin yeni çağırışında ana müxalifət partiyası hansı olacaq?

Sentyabrın 1-də VII çağırış Milli Məclisə növbəti seçkilər keçiriləcək. Əvvəlki seçkilərdə olduğu kimi sentyabrın 1-dən sonra formalaşacaq yeni parlamentdə də deputatların əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərindən ibarət olacağı gözlənilir.

 

Bununla birlikdə yeni Milli Məclisdə hansı müxalifət partiyası ikinci yeri əldə edəcəyi maraq doğurur.

 

Məlumat üçün bildirək ki, Ədliyyə Nazirliyi 26 partiyanı dövlət qeydiyyatına alıb: Ağ Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (2024-cü ildə adını dəyişib: Ədalət, Hüquq, Demokratiya Partiyası), Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.

 

Modern.az yeni parlamentdə ana müxalifət partiyasının hansı ola biləcəyini araşdırıb.

 

Parlamentin birinci çağırışından nəzər salsaq görərik ki, müxtəlif partiyalar seçkilərdə aktiv iştirak edib.

 

Belə ki, 1995-2000-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Xalq Cəbhəsi, Milli İstiqlal, Demokratik İstiqlal, Demokratik Sahibkarlar, Demokratik Maarifçilik, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Sosial Rifah, Müsavat partiyalarının mandatları olub.

 

2000-2005-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Kommunist, Milli İstiqlal, Yurddaş, Sosial Rifah, Azərbaycan Naminə Alyans partiyaları təmsil edilib.

 

2005-2010-cu illərin Milli Məclisində Yeni Azərbaycan, Müsavat, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Sosial Rifah, Xalq, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ədalət, Ümid, Demokratik İslahatlar, Böyük Quruluş partiyalarının mandatları olub.

 

2010-2015-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ədalət, Vətəndaş Birliyi, Sosial Rifah, Milli Dirçəliş Hərəkatı partiyaları yer alıb.

 

2015-2020-ci illərin Milli Məclisində Yeni Azərbaycan, Vətəndaş Həmrəyliyi, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Demokratik Maarifçilik, Milli Dirçəliş Hərəkatı partiyalarının təmsilçiləri olub.

 

2020-ci ildə seçilmiş Milli Məclisdə isə bu partiyaların təmsilçiləri var: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası.

 

Sonuncu parlamet seçkilərində hakim partiyadan sonra ən çox yeri Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tutub. Belə ki, partiya parlamentdə üç mandat qazana bilib. Digər partiyalar isə hərəsi bir mandatda məclisdə təmsil olunub.

 

Qeyd edək ki, siyasi partiyalar parlamentdə təmsil olunmaqda xüsusi maraqlıdır. Belə ki, parlamentdə təmsil olunmaq və çoxluq qazanmaq həmin partiyalara bu mənada maliyyə üstünlüyü  verir.



Hazırda bir deputatla təmsil olunan partiyanın aylıq dövlət maliyyələşməsi təxminən 20 min manatdır. Bu da öz növbəsində partiyanın fəaliyyətinin genişlənməsinə əhəmiyyətli dərəcədə şərait yaradır. Bu səbəbdən də siyasi partiyalar parlamentdə təmsil olunmaqda maraqlıdırlar.

 

Ehtimal edilir ki, VII çağırış parlamentdə də VHP ikinci ən çox deputatı olan partiya olacaq. Bu partiya seçkilərdə 18 namizədlə iştirak edir.

Seçilən
96
30
modern.az

10Mənbələr