Parisdə “Toğrul Nərimanbəyov” Assosiasiyasının (“Association de Togrul Narimanbekov”) rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi, görkəmli rəssam Əsmər Nərimanbəyova medalla təltif olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən "İki sahil"ə bildirilib ki, o, rəssamlıq sahəsindəki istedadı, yaradıcılığı və beynəlxalq arenada mədəniyyətin təbliğinə verdiyi töhfələrə görə Fransanın “Arts-Sciences-Lettres” Akademik Cəmiyyətinin yüksək mükafatına layiq görülüb.
Ə.Nərimanbəyova həm Azərbaycan mədəniyyətini, həm də dünya incəsənətini zənginləşdirən əsərləri ilə tanınır. Əsərlərinin hər biri mövzu və janr rəngarəngliyi, estetik kamilliyi ilə fərqlənən azərbaycanlı rəssamın sərgiləri ölkəmizdə və onun hüdudlarından kənarda böyük maraqla qarşılanır.
Qeyd edək ki, Əsmər Nərimanbəyova Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun qızıdır. Onun əsərləri dəfələrlə Fransa, Rusiya, Türkiyə, ABŞ və başqa ölkələrdə sərgilənib.