AZ

BRICS-ə üzv olmaq Azərbaycana nə qazandıracaq? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan BRICS-ə daxil olmaq üçün rəsmi müraciət edib. Bu barədə ötən günlərdə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə bildirib. Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin avqustun 19-da Azərbaycana dövlət səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevi Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşə dəvət edib.

 

Maraqlıdır, rəsmi Bakı nə üçün BRICS-ə üzv olmaq istəyir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən REAL partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli xatırladıb ki,  BRICS siyasi, hərbi təşkilat deyil, siyasi və hərbi institutları yoxdur, sırf iqtisadi təşkilatdır.Onun sözlərinə görə, BRICS-ə üzv olan ölkələrin əsas hədəflərinə qarşılıqlı investisiyaların qorunması, qarşılıqlı ticarətdə güzəştli tariflərlə ticarət, yeni nəqliyyat dəhlizləri kimi məsələlər daxildir:

 

“Təşkilata daxil olan Çin, Hindistan, Braziliya, CAR-ın Avropa İttifaqı və ABŞ ilə ümumi ticarət dövriyyəsi 3 trilyon dollardır. Bu isə o deməkdir ki, BRICS-in aparıcı 5 ölkəsindən 4-nün əsas ticarət tərəfdaşları Avropa İttifaqı ilə ABŞ-dir. Yəni BRICS-in Qərb ölkələrindən qarşılıqlı asılılığı var. Rusiya və İran xaric, digərləri məhz Qərb bazar iqtisadiyyatı modeli ilə idarə olunurlar. Hətta Rusiya və İranda həmin modelin elementləri - qiymətli kağızlar bazarı, orta-kiçik sahibkarlıqda rəqabət mövcuddur. Digər tərəfdən, Azərbaycanın da əsas ticarət tərəfdaşı Qərb ölkələridir. Ölkəmizin ixracatının 80%-i Qərb ölkələrinədir”.

 

N.Cəfərli Azərbaycanın BRİCS-ə üzv olmaq istəyini bu cür izah edib:

 

“Coğrafi olaraq Çin və Hindistanın marağında olduğu yeni dəhlizlər, Orta Dəhliz, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin mərkəzində yer alan ölkə məhz Azərbaycandır. Çin və Hindistanın isə bu dəhlizlərdə mühüm maraqları var. BRICS-ə üzvlüyümüz Azərbaycana ziyan gətirməyəcək. Əgər münasibətləri doğru-düzgün qura bilsək, BRICS Azərbaycana əlavə investisiyaların cəlb olunmasına şərait yaradan təşkilata da çevrilə bilər. Bu mənada ora üzvlüyün siyasi riskləri yox dərəcəsindədir”.

 

Qeyd edək ki, BRICS 2006-cı ilin iyun ayında Sankt Peterburq İqtisadi Forumunda Braziliya, Rusiya, Hindistan və Çin maliyyə nazirlərinin iştirakı ilə təsis edilib. Hazırda BRICS Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini özündə birləşdirən hökumətlərarası təşkilatdır. Əvvəlcə investisiya imkanlarını müəyyən edən qruplaşma 2009-cu ildən sonra hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri koordinasiya edən vahid geosiyasi bloka çevrilib.

 

Günay 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
16
sfera.az

10Mənbələr