AZ

Neft qiymətləri nə vaxtadək stabil qala biləcək? - Ekspert AÇIQLADI

Hazırda dünyanın bir çox nöqtələrində silahlı münaqişələr gedir. Yaxın Şərqdə İsraillə Hamas, şimal qonşumuz Rusiya ilə Ukrayna arasında müharibə gedir. Bu müharibələr dünya siyasətinə və iqtisadiyyatına təsirsiz ötüşmür. Lakin neft qiymətlərində vəziyyət başqadır. Belə ki, neft qiymətlərinin müharibələrə baxmayaraq stabil qaldığını deyənlər var.

Maraqlıdır ki, müharibələr fonunda neft qiymətləri niyəı stabil qalır? Nə vaxta qədər stabillik müşahidə olunacaq? Neft qiymətlərinin gələcəyini necə proqnozlaşdırmaq olar?

Məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin sədri İlham Şaban bildirib ki, hazırda neftin qiyməti bazar üçün kifayət qədər yüksəkdir:

"London birjasında "Brent" markalı neftin qiymət dinamikasına baxsaq, bir ay öncə hansı qiymət idisə, bu gün də odur. Yəni neftin qiyməti 80 dollardan bir az artıq olaraq qalır. Ayın 15-dən 2-nə qədər neftin qiymətləri 76-79 dollar arasında dəyişib. Ən aşağı qiymət iki dəfə - avqustun 6-da və 22-də olub. Avqustun 6-da neftin qiyməti 77 dollardan, avqustun 22-də isə 76 dollardan aşağı düşüb. 

Ümumilikdə götürsək, avqust ayında orta qiymət 80 dollar ətrafında olub. Ötən ilin sonu, cari ilin əvvəlində verilən proqnozlara baxsaq, göstəricilər gözləntilərdən kifayət qədər yüksəkdir. Proqnozlar onu göstərirdi ki, cari il üçün neftin orta qiyməti 82 dollardan aşağı olacaq və 2022-ci ildəki orta qiymətdən təqribən 2-2,5 dollar neftin qiyməti azalacaq. Ancaq ilin birinci yarısı neftin orta qiyməti 85 dollardan bir qədər artıq oldu. Bu, cari il üçün deyərdim ki, kifayət qədər optimist qiymətdir. Hətta bundan sonrakı aylarda qiymət 80 dollar ətrafında olsa, ötənilki səviyyədən heç də fərqlənməyəcək. Bazar üçün kifayət qədər yüksək qiymətlərdir. Lakin sual olunur: 84, 85, hətta 83 dollar ətrafında qiymətlərin bazarda özünü iki il ərzində bərqərar etməsi stabilliyin əmələ gəldiyinə dəlalət edirmi? Çünki 2022-ci ildə neftin qiyməti 102 dollar oldu. Bundan sonra gələn iki ildə də qiymətin 85 dollar ətrafında olması risk göstəricisidir. 2022-ci ildə risk faktoru daha çox idi. İndi qiymət 80 dollardan ona görə aşağı düşmür ki, bazarda təlatümlər hələ davam edir. Bu ilin sonuna qədər hərbi-siyasi təlatümlərin aradan qalxacağına ehtimal yoxdur. Baxmayaraq ki, gələn il üçün neftin qiymətinin 3-4 dollar aşağı düşməsi ilə bağlı ilkin proqnozlar verilir. Amma dəqiq bəlli deyil".
 

İ.Şaban vurğulayıb ki, cari ilin sonuna qədər neft qiymətlərinin 80-85 dollar aralığında qalması böyük ehtimaldır:


"İqlim faktorunun, hava şəraitinin necə olacağı, Rusiya-Ukrayna müharibəsinin bitib-bitməməsi, eləcə də Yaxın Şərqdə stabilliyin nə zaman əldə ediləcəyi kimi məsələlər önəmlidir. Münaqişələrin coğrafiyası kifayət qədər genişdir. Müharibələr dövlətlərin kifayət qədər maliyyə və iqtisadi resurslarını özünə cəlb edir. Bu baxımdan da neftin qiymətinin stabil qalması bir çox faktorlardan asılıdır. İndi onu proqnoz etmək müşkül məsələdir. Buna görə də daha çox orta və qısamüddətli proqnozlara üstünlük vermək olar. Nefrin qiymətini cari ilin sonuna qədər 80-85 dollar dəhlizində qoruyacağı ehtimalı daha böyükdür".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
35
modern.az

10Mənbələr