Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir.
Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) sədrlik edəcək. Belə ki, COP29 noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakıda keçiriləcək.
Tədbir çərçivəsində 70 min xarici qonağın ölkəmizə gəlişi gözlənilir.
COP29 zamanı rayon qeydiyyatlı maşınların Bakıya girişinə məhdudiyyət qoyula bilərmi?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat eksperti Yasin Mustafayev bildirib ki, bu barədə rəsmi açıqlama yoxdur.
Onun sözlərinə görə, Avropa oyunları zamanı məhdudiyyət qoyulsa da indi insanların təfəkkürü dəyişib və hər kəs noyabrın əvvəllərində COP29-la bağlı əziyyət çəkməmək üçün o müddətdə Bakıda olmamağa çalışacaq:
“Eyni zamanda rayondan Bakıya gələnlərə də aiddir. Onlar da müəyyən qədər öz işlərini planlaşdırırlar ki, bu müddətdə Bakıya gəlməsinlər”.
Yasin Mustafayev: İnsanlar COP29-la bağlı əziyyət çəkməmək üçün o müddətdə Bakıda olmamağa çalışacaq
Ekspert qeyd edib ki, bu məsələ zaman keçdikcə özü avtomatik tənzimlənir:
“Mən COP29-la bağlı rayon maşınlarının girişinə qadağa qoyulacağını düşünmürəm. Amma yenə də bunu zaman göstərəcək. Düşünürəm ki, belə bir şey olsa çoxdan bildirərdilər”.
Qeyd edək ki, COP29-a görə Azərbaycanda orta məktəblərdə payız tətilinin vaxtı dəyişdirilib.
Nazirlər Kabinetinin qərarına görə, məktəblərdə payız tətili noyabrın 12-dən 22-dək olacaq.
Bundan başqa, Bakı və Sumqayıt şəhərlərində, o cümlədən Abşeron rayonunda peşə və ali məktəblər distant təhsilə keçiriləcək.
Mina Mikayılova