AZ

"Qorumalı olduğumuz bədənimizin yarılmasına necə icazə verək?" - İlahiyyatçıdan QALMAQALLI MÖVZUYA CAVAB 

“İslam dini bizim bütün həyatımıza aid olan məsələləri, xəstəliklərimizi, onun müalicəsi üçün olan bütün məsələləri bizə bildirib”.


Bunu ilahiyyatçı Əkrəm Həsənov Referans.az-a verdiyi açıqlamada deyib.




“Sağlam bədən insana verilən böyük bir nemətdir. Allah təala insana lütf edib ona sağlam bədən veribsə bu insan üçün ən böyük nemətdir. Çünki insanların çoxu bu neməti dərk etmirlər. İnsan o sağlam bədəni ilə özü üçün saleh, yaxşı əməllər, ibadətlər edərək Qiyamət günündə çoxlu savab işlərlə Allahın hüzuruna gələ bilər. İnsan bunun üçün çalışmalıdır. Bunu problem kimi qarşısına qoymalıdır. Allah Rəsulu səlləllahu aleyhi və səlləm bir hədisində buyurub ki, iki nemət vardır ki, insanların çoxu bu iki nemətdən qəflətdədirlər. Bunlardan biri səhhət, sağlamlıq içərisində olan bədən, digəri isə vaxtdır. İnsana verilən sağlam bədəni ilə o çoxlu savablar, saleh əməllər edə bilər. Başqa bir sözündə Allah Rəsulu buyurub ki, kim səhərə səhhət içərisində çıxarsa ona bütün dünya içərisində olanlarla bərabər hədiyyə edilib”.


İlahiyyatçı bildirib ki, bütün dünyada orqan nəqli, orqan nəqlinin faydaları, zərərləri, islam fiqhində orqan nəqlinin hökmləri haqqında müzakirələr gedir.


“Mövzu çox əhatəsi böyük və incə mövzudur. İslam dini ölkələrində orqan nəqli necə tənzim olunur? İslam dünyası bu məsələni necə dəyərləndirir? Bu məsələ onu qeyd edim ki, ixtilaflı və istər islam alimləri arasında, istərsə də müsəlmanlar arasında çoxlarının razılaşmadığı məsələdir. Əlbəttə, məndə xəta edirəmsə də bununla razılaşmıram. Orqan nəqli böyük bir mövzudur. Bu məsələyə bir çox prizmalardan yanaşmaq olar. Mən əsasən ölən bir insanın orqanlarının köçürülməsindən danışmaq istəyirəm.

Allah Rəsulu səlləllahu aleyhi və səlləm insan dünyasını dəyişəndən sonra onun bədənin qüsl alınmasını, təmizlənməsini, gözəl bir şəkildə kəfənlənməsini, ətirlənməsini , bədənə qarşı hörmət göstərib dəfn edilməsini öz ümmətinə əmr etmişdir. Belə olduğu halda kiminsə öz bədənini öldükdən sonra hörmətsiz hala gətirməsi və bunu əvvəlcədən vəsiyyət etməsi islama görə bəyənilmir, hətta haram hesab edilir. Bu həm Allaha qarşı, həm də Allah Rəsuluna səlləllahu aleyhi və səlləmə, islama və müsəlmanlara qarşı hörmətsizlik deməkdir”.


Əkrəm Həsənov qeyd edib ki, bütün səmavi dinlər ortaq olaraq insanın öldükdən sonra dəfn olunmalı olduğunda razılaşıblar və dəfn olunduqdan sonra ruhun bədənə qayıtdığı səmavi dinlərdə xüsusi vurğulanır. İslam dini də bunu təsdiq edir.


“Allah Rəsulu səlləllahu aleyhi və səlləm bizə xəbər verib ki, insan dünyasını dəyişəndən sonra cənazə qəbirə qoyulur. Daha sonra ruh bədənə qaytarılır. Elm əhli cənazə qəbirə qoyulduqdan sonra ruhun bədənə qayıtmasında ittifaq ediblər, yəni icma ilə hamısı bunu qəbul ediblər. Sonra mələklər, iki mələk Münkər və Nəkir adlı mələklər gəlib insanı otuzdururlar. Onu sorğu sual edirlər. Hamımızın bildiyimiz, məşhur üç sualı verirlər. Rəbbin Kimdir, Dinin nədir, Peyğəmbərin kimdir. Bu hədisdə oturmaq haqqında alimlərin çoxusu ixtilaf eidblər. Bəzi alimlər deyiblər ki, insan bədəni ilə otuzdurulur. Digər bəzi alimlər isə deyiblər ki, insan bədəni ilə otuzdurulsa da bu öz əsl bədəni deyil. Bərzax aləminə məxsus olan bir bədəndir. Qeybi məsələ olduğu və mövzudan uzaqlaşmamaq üçün əsas mövzunun üzərinə qayıdaq ki, belə olduğu halda belə yenə də insanın bütün bədən orqanlarının yerində olması daha doğru görünür. Çünki yuxarıda da dediyimiz kimi bütün alimlər yekdil qərara gəliblər ki, ruh qəbirdə olan bədəninə daxil olur.

Orqan nəqli bəzi hüquqi tərəflərdən də baxanda cinayət hesab olunur. Çünki normal bir insanın özünə qəsd etməsi, başqasına qəsd etməsi, istər öz bədəninə, istərsə də başqasının bədəninə zərər vurması cinayət hesab olunur. Belə olduqda necə ola bilər ki, qorunmalı olan bədənimizi ölümümüzdən sonra belə olsa kəsilməsinə, yarılmasına icazə verə bilək? Bu mümkünsüzdür. Ancaq bu o demək deyil ki, hansısa müşkül məsələdə islam öz həll yolunu göstərmiş olmasın. Yəni həyatın elə bir müşkül məsələsi yoxdur ki, islam onun həllini bildirməsin və islam üməti o məsələni çözüb həll etməsin”.

 

Fidan Vəlisoy

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
3
referans.az

4Mənbələr