AZ

Fədayə Laçın kimdir? - Sevgilisinin həbsdən qaçmasına kömək edərkən qandallanan müğənni

Lent.az  “Bioqrafiya” rubrikasında film kimi həyatı olan müğənni Fədayə Laçından bəhs edir.

- Fədayə Laçın harada və nə zaman anadan olub?

Müğənni Fədayə Məmmədova Baris qızı 1977-ci il 3 iyun tarixində Laçın şəhərində dünyaya göz açıb. Laçından qaçqın düşdükdən sonra, Məhəbbət Kazımovun tövsiyəsi ilə özünə Laçın təxəllüsünü götürüb.

- Fədayə Laçının uşaqlığı və gənclik illəri necə keçib?

Fədayə atasına həsrət bir yeniyetməlik dövrü keçib. Atası onları tərk edərək başqa qadınla ailə qurub.
Fədayənin oxumağa meyli hələ yeniyetməlik illərindən başlasa da, erkən yaşda ailə quruduğu üçün evdə yeni doğulmuş körpəsinə mahnılar oxumaqla kifayətlənir. Ailə həyatı isə yolunda getmir. Və günlərin birində Fədayə də anasının taleyini yaşayır. Həyat yoldaşı onu və oğlunu tərk edərək Rusiyaya gedir. Oğlu Əlhəmlə tək yaşamağa qərar verən Fədayə ömrünü ona həsr etməyə qərar verir.

- Fədayə Laçın musiqi təhsili alıb?

Bəli. Bakıya gəldikdən sonra İncəsənət Universitetində təhsil alıb. Xanəndə Canəli Əkbərov, Arif Babayev, İslam Rzayev və Məhəbbət Kazımovdan muğam, musiqi sənətini mənimsəyib. Tezliklə toylara dəvət olunan müğənninin şöhrəti ətrafa yayılmağa başlayır.
Fədayə Laçının populyarlığa gedən yolu necə başlayıb?

Oxuduğu illərdə toylara getməyə başlayıb. Onu Fədayə Laçın kimi tamaşaçılara ilk dəfə təqdim edən Məhəbbət Kazımov olur. Lakin, etiraf edək ki, Fədayənin populyarlığında böyük səbəb həm də onun Tacir Şahmalıoğlu ilə duet oxuması olur.

Tezliklə bu iki səsin birləşməsindən yaranan mahnılar insanların qəlbinə yatır. “Ney səsiyəm”, “Sən gəldin gəlişinlə”, “Külək məni yaralama”, “Ayrılığın üzü dönsün” kimi bir-birindən gözəl mahnılar ifa edirlər. Bu mahnılar toylarda, avtobus dayanacaqlarında, taksilərdə, marşrutlarda dinlənilir, sevilir.

- Fədayə Laçın Tacir Şahmalıoğlu ilə sevgili olub?

Onların birgə dueti bir sıra söz-söhbətlərə yol açıb. Mediada verilən məlumatlara görə, guya Tacir ailəli olsa da, Fədayə ilə altı ildən çox böyük eşq yaşayıb, onu böyük məhəbbətlə sevib. Lakin, zaman keçdikcə cütlük arasında soyuqluq əmələ gəlib. Fədayə tək oxumaq istədiyini elan edərək Tacirdən ayrılıb solo karyerasına başlayıb.

Aradan uzun illər keçir. Fədayə mərdanə şəkildə Tacirlə olan münasibətini, onu vaxtilə sevdiyini etiraf edib. Tacir isə bunun əksini iddia edir, Fədayə ilə heç bir sevgi münasibəti yaşamadığını dilə gətirir. Bu barədə Fədayəyə verilən suallara o, küskün, gözündə kədərlə, ancaq qorxusuz cavablar verir. Fədayənin bir müsahibəsində dedikləri:

“Tacir saf adamdı. Mənim ona yazığım gəlir. Bədbəxt insandı. Saflığından istifadə edirlər. Qaldı aramızda olan münasibəti danmağına, biz müğənnilərin həyatı hamıya bəllidir. Yalan danışmağın nə mənası var? Göz önündə olmuşuq. Sevgili olmuşuq. Niyə danım ki? Mən deyim ki, yox, biz onunla bacı-qardaş olmuşuq, ayıb olar. Bilən bilirdi. İndi yalan necə danışım? O vaxt özü bar-bar bağırırdı ki, sevirəm. Deyirdim, a balam, belə reklam eləmə. Deyirdi, yox, sevirəm. Mənə toxunan odur ki, insan sevirsə, buna görə utanmaz. Mən ona özümü qız uşağı kimi təqdim etmişdim ki? Başa düşmürəm. Mən onunla münasibətim olanda oğlum var idi, bunu bilmirdi ki? Ancaq qız uşağını sevmək olar? Sevgi günah deyil. Sevgi nə qız uşağına, nə varlıya, nə kasıba, nə də tərbiyəsiz qadın olmağa baxır. Pozğun qadını da sevmək olur, dilənçiyə də aşiq olmaq olar. Sevmisən, bunu da etiraf etmək üçün cəsarət lazımdı. Qısqanırdı da, qadağaları da olurdu. İndi illər ötüb, hərə öz işində, gücündədir. Amma demə ki, aramızda heç nə olmayıb. Bu yalandı. Bizi görənlər, tanıyanlar olub. Mən səninlə münasibət yaşamışam. Onu necə dana bilərsən? Sevgini danmaq kişilik deyil”.
Tacir isə verilişlərin birində Fədayə haqqında deyir:
“Onun çox gözəl səsi və qəlbi var. Ondan ürəyini istəsən, o, tərəddüdsüz qəlbini çıxarıb istəyən adama verər. Fədayə çox mərd, kişi qeyrətli qadındır. Biz onunla tonlarla çörək kəsmişik, mən ondan bir dəfə də namərdlik görməmişəm”.

- Fədayə Laçın nə üçün həbs olunub?

Günlərin birində yayılan xəbər isə hər kəsi təəccübləndirir. Fədayə Laçın “Qoca” ləqəbli dustağın qaçmasına köməklik göstərdiyi üçün həbs olunur. Etibar Məmmədov adlı bu şəxs əslində Fədayənin növbəti uğursuz sevgisi idi. Onlar toyların birində tanış olurlar. Fədayənin şair təbiətli olması onun şeirlər, qəzəllər yazan “Qoca”ya meyl etməsinə səbəb olur. O, həbsdən əvvəl “Qoca” haqqında danışarkən deyir:
“Bir dəfə o, xəstələndi, xəstəxanaya düşdü. Mən də günlərlə yanında qalıb, ona qulluq elədim. Əvvəllər xəstəxana işçiləri bilmirdi ki, mən onun nəyiyəm. Sonradan başa düşdülər və bizə hörmətlə yanaşdılar. Kaş indi də o həbsxanadan çıxıb, xəstə yataydı, mən də ona qulluq edəydim. Amma bilmirəm, onun içində mənə qarşı sevgi qalıb, ya yox. Əgər qalıbsa, onu ömür boyu gözləməyə hazıram.”
Bu sevgi onun 5 il həbsdə yatması demək idi. 

Müğənni Fədayə Laçının həbsinin təfərrüatları:

"Qoca" ləqəbli kriminal avtoritet oktyabrın 23-də qatardan qaçdıqdan sonra Ağstafaya gedib. Müğənni qaçan məhbuslardan "Qoca" ləqəbli Etibar Məmmədovun yanında olub.
Qoca Ağstafa ərazisindən keçərək qeyri-qanuni yolla ölkədən qaçmaq istəyib. Bu məqsədlə "Qoca" Ağstafa rayonunun Poylu qəsəbəsinə gəlib. O, "Opel" markalı taksi ilə qəsəbəyə gələn zaman maşında bir nəfər qadın da olub.

Gecə saatlarında Qəsəbədə Kür çayının üzərində yerləşən körpüdən keçən zaman polis əməkdaşları tərəfindən maşın saxlanılıb. Bildirək ki, məhbuslar qaçdıqdan sonra Bakıda və bölgələrdə polis gücləndirilmiş iş rejiminə keçib və postlar qurulub.
Polis əməkdaşları taksi sürücüsünün sənədlərini yoxladıqdan sonra sərnişinlərdən birinin özünü şübhəli apardığını görüblər. Bu zaman polis əməkdaşları "Qoca"dan sənədlərini istəyiblər.

Bu vaxt taksi sürücüsü maşını sürətlə əks istiqamətə sürərək hadisə yerindən qaçıb. Polis əməkdaşları qaçan maşını təqib ediblər. Sürücü maşını rayonun mərkəzi hissəsinə, oradan da Poylu kəndinə doğru sürüb. Ara yollardan birində dalana girdiyindən yolu davam etdirə bilməyib və maşını saxlayıb.
Bu zaman "Qoca" maşından düşərək qaçmağa başlayıb. Polis əməkdaşları sürücü və qadını saxlasalar da, "Qoca" meşəlik əraziyə qaçaraq izini itirib.Daha sonra o təqib zamanı güllələnərək öldürülüb.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib . Fədayə Laçın 304. 2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.
Müğənni Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb. 

- Həbsə düşməsi Fədayə Laçını gözdən saldı?

Xeyr. Fədayə həbsdə olduğu zaman çox məşhur insanlar onun azad olunması üçün müraciətlər edirlər. Nəticədə Fədayənin həbsi 2 ilə endirilir, azadlığa, ailəsinə, oğluna, anasına qovuşur. Sadəliyi, səmimiyyəti və saflığı ona əvvəlki ad-sanını qısa müddətdə qaytarır.

- Fədayə Laçın həbsdə intihar etmək istəyib?

- Yox. Sadəcə olaraq o həbsdə olarkən haqqında yalandan ölüm xəbərləri yayılıb.

- Fədayə Laçın həbsdən çıxdıqdan sonra nə etdi?

Həbsdən çıxdıqdan sonra müğənninin populyarlığı birə beş artdı. Onu əvvəlkindən də baha qiymətə toylara. Məclislərə çağırmağa başladılar. Efirlərə çıxdı, səmimi etirafları ilə könülləri qazandı. Həbsdən çıxdıqdan sonra evində media təmsilçiləri ilə görüşən müğənni başına gələn xoşagəlməz hadisədən təəssüfləndiyini bildirib və sevənlərini məyus etdiyini üçün onlardan üzr istəyib: “Təəssüf ki başıma belə bir xoşagəlməz hadisə gəldi. Bilirəm ki, buna görə məni sevənlər çox üzüldü. Onları məyus etdiyim üçün üzr istəyirəm. Söz verirəm ki, bir daha onları üzməyəcəyəm. Mən bu hadisə ilə böyüdüm, ağıllandım”.

- Fədayə Laçın indi harada yaşayır?

Müğənni Azərbaycandan köçüb gedib, o həm Rusiyada. Həm də Türkiyədə yaşayır, azərbaycanlıların toylarına dəvət alır.

- Fədayə Laçın toylara neçəyə gedir?

Onun toy qiymətləri 5 min manatdan başlayır.

Seçilən
154
17
qlobal.net

10Mənbələr