AZ

Ölkədə olan minik avtomobilləri ilə bağlı TƏHLİL- FOTO

MTM-in (Media Təhlil Mərkəzi) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə görə, son 5 ildə ölkəmizdə minik avtomobillərinin sayı hər il sürətlə artıb. 2019-cu ilin sonuna olan rəsmi göstəricilərə görə, ölkədə 1 214 093 minik avtomobili olub və 2023-cü ilin sonuna qədərki dövrdə Azərbaycanda minik avtomobillərinin sayı 23,7% və ya 287 864 ədəd artıb. Azərbaycanda qeydiyyata alınmış minik avtomobillərinin sayı ötən ilin sonunda 1 501 957-yə bərabər olub.

2023-cü ilin ilin sonunda qeydə alınan nəticəni 1 il əvvəlki göstərici ilə müqayisə etsək, Azərbaycanda minik avtomobillərinin sayının 5,8% və ya 82 087 ədəd artdığını görərik.

Minik avtomobillərinin sayının bölgələr üzrə göstəricilərinə baxdıqda, paytaxt Bakının böyük fərqlə ilk sırada yer aldığı məlum olub. Buna səbəb paytaxt əhalisinin digər bölgələrlə müqayisədə daha çox olması və digər bölgələrdən Bakıya iş və ya müxtəlif məqsədlər üçün axın edilməsidir.

Rəqəmlərlə ifadə etsək, 2023-cü ilin sonunda paytaxt qeydiyyatında 646 482 minik avtomobili olub və bu, ölkədə olan bütün minik avtomobillərinin 43,04%-ni təşkil edib.

Sumqayıt şəhəri 51 999 minik avtomobili ilə ikinci yerdə qərarlaşıb və bu nəticə ölkədə olan minik avtomobillərinin 3,46 %-ni təşkil edib.

Üçüncü sırada 49 686 minik avtomobili ilə Gəncə şəhəri yer alıb. Bu say ümumi göstəricinin 3,31%-nə bərabər olub.

Naxçıvan Muxtar Respublikası (37 378) və Ağdam (29 106) rayonu da ilk beşliyə daxil olub.

Son 4 ildə ölkəmizə gətirilən minik avtomobilləri arasında “Hyundai” markası ilk sırada yer alıb. Daha dəqiq desək, 2019-2023-cü illərdə ölkəmizə Cənubi Koreyanın “Hyundai” markasına məxsus 51 863 minik avtomobili gətirilib.

İkinci sırada 47 783 minik avtomibili ilə Yaponiyanın “Toyota” markası yer alıb.

Cənubi Koreyanın “KİA” markası 46 357 minik avtomobili ilə ilk üçlükdə qərarlaşıb.    

Bu da onu göstərir ki, dünya bazarında olduğu kimi Azərbaycanda da Cənubi Koreya və Yaponiyanın istehsal etdiyi avtomobillərə tələbat çoxdur.

Aparılan təhlil zamanı məlum olub ki, 2023-cü ildə Azərbaycanda qeydiyyatda olan minik avtomobillərinin 24,12%-ni Rusiya və keçmiş SSRİ istehsalı olan “Lada” (AvtoVAZ) markalı minik avtomobilləri tutub və onların sayı 407 339-a bərabər olub.

İkinci sırada 216 843 minik avtomobil ilə Almaniya istehsalı olan “Mercedes” yer alıb. Onların sayı ölkədə olan minik avtomobillərinin 14,44%-ni təşkil edib.

Sonrakı üç pilləni ölkəmizə ən çox idxal olunan “Hyundai” (126 056), “Toyota” (104 605) və “KİA” (84 258) markalı avtomobillər tutub.

Əlavə məlumat üçün bildirək ki, son dövrlərdə ölkədə qəbul edilən bir sıra qərarlar avtomobil parkının yenilənməsinə yönəlib. Bu qərarlar nəticəsində növbəti illərdə Asiya ölkələrinin istehsalı olan minik avtomobillərin sayının daha çox olacağını proqnozlaşdırmaq mümkündür. Asiya ölkələrinin istehsal etdiyi minik avtomobillərinin qiymətlərinin digər ölkələrin istehsal etdiyi minik avtomobilləri ilə müqayisədə daha ucuz olması idxala əhəmiyyətli dərəcədə təsir edəcək.

Rəsmi rəqəmlərə görə, 2019-cu ilin sonunda ölkədə olan minik avtomobillərinin 90,44%-ni benzinlə çalışan avtomobillər tutub. Onların sayı 1 098 059 olub. Digər minik avtomobillərinin 8,79%-ni (106 761) dizel, 0,76 %-ni (9 273) isə qaz ilə çalışan avtomobillər təşkil edib.

2023-cü ilin sonunda isə minik avtomobilləri yanacaq növünə görə 5 yerə ayrılıb. Belə ki, yeni siyahıya ölkədəki bütün minik avtomobillərinin 0,21%-ni (3 115) təşkil edən elektriklə çalışan və 2,8%-nə (42 089) bərabər olan hibrid avtomobillər də daxil edilib.

Benzinlə çalışan minik avtomobilləri 2023-cü ilin sonunda da liderlik edib və onların sayı 1 280 059-a bərabər olub.

Dizel yanacağı ilə çalışan minik avtomobilləri ümumi sayın 11%-ni (165 143), qazla çalışan avtomobillər isə 0,73%-ni (10 910) təşkil edib.

Seçilən
128
4
avtosfer.az

10Mənbələr