Prezident İlham Əliyevin son sərt xəbərdarlığından sonra Paşinyan hakimiyyəti rəsmi Bakının Ermənistanın sürətlə silahlandırıılmasına priventiv zərbələrlə reaksiya verə biləcəyindən ehtiyatlanır... Bu səbəbdən də, Azərbaycana tez-tələsik "yarımçıq sülh" modeli təklif edən baş nazir Nikol Paşinyan rəsmi Bakının buna cavabını böyük narahatlıqla gözləyir...
ABŞ və Qərbin Cənubi Qafqazda situasiyanı hərbi qarşıdurma istiqamətinə yönəltmək cəhdləri regional sülh prosesini böyük risk altına salmağa başlayıb. Qərb siyasi dairələrinin sülh prosesinə dəstək bəyanatları ilə manipulyasiyalar etməklə yanaşı, Cənubi Qafqazda yeni savaşa yol aça biləcək addımlar atması regionda hərbi-siyasi sabitliyi pozmaq üzrədir. Və bu baxımdan, Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qarşısında əsas əngəl də məhz elə Qərbin kobud müdaxilə cəhdləridir.
Məsələ ondadır ki, ABŞ, Avropa Birliyi və Fransa regiondan sülhdən danışsalar da, bu istiqamətdə indiyə qədər heç bir pozitiv addımın atılmasına həvəs göstərməyiblər. Əksinə, Cənubi Qafqazda geopolitik maraqları olan Qərb siyasi dairələri Ermənistanı sürətlə müasir hücum silahları ilə gücləndirməyə çalışırlar. Və bununla da, həm Ermənistanı revanşizmə yönəldirlər, həm də regionda qüvvələr nisbətini dəyişməyə can atırlar.
Təbii ki, rəsmi Bakı Qərbin bu regiondakı davranışlarını diqqətlə izləyir. Ən əsası isə Azərbaycanın siyasi rəhbərliyi ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazda hansı məqsədlər güddüyünü tam dəqiqliyi ilə anlayır. Və Qərbin bu region ətrafında qurduğu təhlükəli geopolitik oyun ssenarilərinin əsas hədəflərini bilir.
Rəsmi Bakı uzun müddət bütün bunlara maksimum səviyyədə müşahidəçi qalmağa çalışsa da, Azərbaycanın siyasi rəhbərliyinin səbrinin artıq sona çatmaq üzrə olduğu da açıq şəkildə müşahidə olunur. Belə ki, rəsmi Bakı vaxtilə Ermənistanın regiondan kənar ermənipərəst ölkələr tərəfindən silahlandırılmasının Azərbaycana qarşı real təhlükə törədə biləcək həddə çatacağı təqdirdə, ən sərt və radikal reaksiyanın veriləcəyi barədə xəbərdarlıq da etmişdi. Və indi belə anlaşılır ki, Azərbaycana qarşı hərbi təhlükə rəsmi Bakının qətiyyətlə müdaxilə etməsinə ehtiyac yaradacaq həddə çatmaq üzrədir.
Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə Ermənistana və onun beynəlxalq himayədarlarına sərt xəbərdarlıq mesajı ünvanlayıb. Azərbaycan lideri vurğulayıb ki, Ermənistanı sürətlə silahlandırırlar və rəsmi İrəvan artıq sülhdən yayınmağa çalışır. Prezident İlham Əliyev bildirib ki, bəzi dövlətlər Ermənistanı silahlandıraraq, yeni münaqişəyə cəlb etmək istəyirlər. Ona görə də, indi Ermənistan sülhdə maraqlı deyil və savaş hazırlığı istiqamətində hərəkət etməyə başlayıb.
Maraqlıdır ki, Azərbaycan liderinin bu xəbərdarlıq mesajı Ermənistan cəmiyyətində dərhal ciddi reaksiya doğurub. Çünki Ermənistanın cəmiyyətində də, siyasi-ictimai dairələrində tam dəqiqliyi ilə bilirlər ki, əgər, Azərbaycan Prezidenti İlham Əliyev hansısa mövzuda xəbərdarlıq edirsə, bunun mütləq bir nəticəsi olacaq. Hər halda, rəsmi İrəvan Azərbaycan liderinin verdiyi mesajlara uyğun qətiyyətli qərarlar qəbul edib, prinsipial addımlar atdığına dəfələrlə şahid olublar. Və bu baxımdan, Azərbaycan liderinin səbrinin sınağa çəkilməsinin doğura biləcəyi nəticələri mütləq nəzərə almaq məcburiyyətindədirlər.
Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın dərhal Azərbaycanla hərbi-siyasi qarşıdurmanı yumşaltmağa yönəlik açıqlamalar verməsi qətiyyən təsadüfi deyil. Belə ki, erməni baş nazir məhz Azərbaycan liderinin Ermənistanın sürətlə silahlandırıılması ilə bağlı xəbərdarlıq mesajından sonra "sərhəddə görüş" təklifini gündəmə gətirib. Halbuki, bir müddət öncə baş nazir Nikol Paşinyan Böyük Britaniyanın vasitəçiliyi ilə Londonda görüşməkdən imtina etmişdi. Və indi erməni baş nazir regional proseslərin artıq Ermənistan üçün real təhlükə istiqamətində inkişaf etdiyini anlamağa başlayıb.
Ancaq baş nazir Nikol Paşinyan öz görüş təklifini arqumentləşdirərkən Azərbaycan Prezidenti İlham Əliyevin müəllifi olduğu müzakirə formatının dəstəkləyərək, ikitərəfli təmasların daha faydalı olduğunu vurğulamağı da qətiyyən unutmayıb. Erməni baş nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında ikitərəfli təmasların effektiv olduğu artıq təsdiqlənmiş reallıqdır. Və bu səbəbdən də, Azərbaycan Prezidenti ilə iki ölkənin sərhəd bölgəsində görüşməyə hazırdır.
Nə qədər gözlənilməz olsa da, Qərb tərəfindən sürətlə silahlandırıılan, sülh prosesindən isə yayınmağa çalışan Ermənistanın baş naziri hətta iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının, qarşılıqlı olaraq, səfirliklərin açılmasının vacibliyini də gündəmə gətirib. Onun dediyinə görə, yekun sülh sazişinin mətnində bu məsələ də nəzərdə tutulub. Və ona görə də, erməni baş nazir ən qısa zamanda yekun sülh sazişinin imzalanmasına tərəfdar olduğunu qabartmağa da tələsib.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan Azərbaycana yekun sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər göndərildiyini bildirib. Onun sözlərinə görə, rəsmi İrəvan 17 müddəadan ibarət həmin sənədin artıq razılaşdırılmış 13 bəndinin bazasında yekun sülh sazişinin imzalanması tamamilə mümkündür. Çünki prinsipial məsələlərlə bağlı artıq anlaşma mövcuddur və digər 4 müddəanın müzakirəsini isə davam etdirmək mümkündür.
Ancaq Azərbaycanın belə natamam yekun sülh sazişini imzalayacağı qətiyyən inandırıcı görünmür. Üstəlik, rəsmi Bakı artıq dəfələrlə bəyan edib ki, yekun sülh sazişinin qarşısında olan əsas əngəllərdən biri hazırda Ermənistan konstitusiyanda yer alan Azərbaycana qarşı ərazi iddialarıdır. Paşinyan hakimiyyəti isə Ermənistan konstitusiyanı 2027-ilə qədər referenduma çıxarıb, dəyişmək niyyətində olmadığını bildirib. Və bu baxımdan, istənilən halda, hazırda yekun sülh sazişinin imzalanması mümkün deyil.
Təbii ki, Paşinyan hakimiyyəti mövcud situasiyanın inkişaf istiqamətlərini bilir. Rəsmi İrəvan anlayır ki, yekun sülh sazişi imzalanmadığı müddətdə yeni savaşın baş vermə ehtimalı tamamilə realdır. Ermənistan isə yeni savaşa hələ hazır deyil və rəsmi İrəvan zaman qazanmağa cəhd göstərir.
Halbuki, Paşinyan hakimiyyəti rəsmi Bakının səbrinin hər an tükənə biləcəyini və Ermənistanın sürətlə silahlandırıılmasına priventiv zərbələrlə reaksiya verəcəyini anlayır. Bu səbəbdən də, qorxuya düşən baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin "dəmir yumruq" zərbəsindən yayınmaq üçün "sərhəd görüşü" təklifi ilə situasiyanı yumşaltmağa cəhd göstərir. Və indi rəsmi İrəvan həm böyük səbirsizliklə, həm də narahatlıqla Azərbaycanın cavab reaksiyasını gözləyir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta