"Ukrayna hökuməti müharibə hökuməti olmalıdır, abadlıq hökuməti yox".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə son günlər Ukraynada ardıcıl baş verən hökumət istefalarını şərh edərkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, Ukraynanın maliyyə və hərbi dəstəyi mütəmadi olaraq azalır:
"İndi Ukrayna bir dövlət kimi müharibə məsələsini öz üzərinə götürməlidir. Bu fonda hökumətin fəaliyyət istiqaməti də mütləq yüksəldilməlidir. İndiyə kimi Ukrayna hökumətinin adı çoxsaylı rüşvət qalmaqallarında hallanır. Rəsmi Kiyev elə siyasət yürüdür ki, sanki ölkədə müharibə yoxdur. Bir tərəfdən, ölkənin şərqində ağır döyüşlər gedir, on minlərlə insan həlak olur. O biri tərəfdən isə Ukrayna hökuməti abadlıq işləri görür, parklar salır, əhalinin sosial rifahı ilə məşğul olur. Bu müharibə aparan ölkə üçün dözülməz vəziyyətdir. Ona görə də hökumətdə istefalar dalğası başlayıb və bu davam edəcək. Baş nazir də istefaya getməlidir. Ukrayna hökuməti müharibə hökuməti olmalıdır, abadlıq hökuməti yox. Xarici işlər naziri Dmitri Kulebanın istefası isə Kiyevin Qərbə həddən artıq ümid bağlaması ilə əlaqəli idi. Kuleba bu xəttin önündə gedirdi. Dəyişdirilənlər arasında ABŞ-dakı səfir Oksana Makarova da olmalıdır. O, ABŞ barəsində Ukrayna cəmiyyətinə yanlış məlumatlar ötürürdü".
Qeyd edək ki, son günlər Ukrayna hökumətində ardıcıl istefalar baş verir. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verib. Ondan əvvəl isə ölkənin strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.
Habelə, Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşçuk istefa ərizəsi təqdim edib. Daha əvvəl isə baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina istefa ərizəsini təqdim edib. Bu istefalar Ukraynada idarəetmə və siyasi sabitliksizliklə bağlı narahatlıqları istər-istəməz artırıb.
Rüfət Sultan