AZ

“Xırdalan”, “Sumqayıt” və “Gəncə”nin yeni baş məşqçiləri bəlli oldu

Azərbaycan Basketbol Liqasında mübarizə aparan “Gəncə” və “Sumqayıt” komandalarının yeni baş məşqçiləri müəyyənləşib.

Arena.az xəbər verir ki, qərb təmsilçisi türkiyəli mütəxəssis Halil Atlıya həvalə olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.

37 yaşlı məşqçi Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da fəaliyyət göstərib. O, müxtəlif klublarda baş məşqçi və köməkçi məşqçi funksiyalarını yerinə yetirib. Halil Atlı son olaraq “Mersin MSK” klubunda məşqçi kimi çalışıb. Onun komandası son mövsümdə çempion olaraq Super Liqaya vəsiqə qazanıb.

Halil Atlı bu vəzifədə ötən gün klubdan ayrılan həmyerlisi Bedri Meriçi əvəzləyib.

Azərbaycan Basketbol Liqasında mübarizə aparan daha bir komandanın – “Xırdalan”ın da yeni baş məşqçisi müəyyənləşib. Bu komandanı da türkiyəli mütəxəssis Erhan Toker çalışdıracaq. Bakı klubu onunla 1 illik müqavilə bağlayıb.

Toker daha əvvəl Türkiyənin “Qalatasaray” klubunda infrastruktur meneceri və aşağı yaş qruplarından ibarət komandaların baş məşqçisi olub, həmçinin “Tofaş”da çalışıb.

Yeri gəlmişkən, “Sumqayıt” da baş məşqçi dəyişikliyi edib. Teymur Hüseynovla yollarını ayıran “gənclik şəhəri” təmsilçisini yeni mövsümdən etibarən rusiyalı Aleksandr Mixaylov çalışdıracaq.

46 yaşlı mütəxəssis ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”sunda köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov” klubunun “sükanı arxasına” keçib və komanda onun başçılığı altında Rusiyanın 2-ci Liqasının qalibi olub. Daha sonra Mixaylov Maqnitaqorsk “Metallurq”u və “Novosibirsk” klublarını çalışdırıb.

Onun son klubu Rostovun “Peresveta-YFU” komandası olub.

Xatırladaq ki, “Sumqayıt” 2023/2024 mövsümündə Azərbaycan Basketbol Liqasının əsas mərhələsini 10 iştirakçı arasında 7-ci, “Gəncə” isə 8-ci pillədə başa vurmuşdu.

Seçilən
153
35
arena.az

10Mənbələr