AZ

“Arvadım yetkinlik yaşına çatmayan qızımı nişanlamaq istədi, mən isə...” — TƏFƏRRÜAT

Kürdəmir rayonunda 1975-ci il təvəllüdlü Mehdi ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nuraya (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 19-da Kürdəmir rayonunun kəndində baş verib. Mehdi kəndə yerləşən evində həyat yoldaşı Nuray ilə sonuncunun ona mütamadi olaraq spirtli içkilər qəbul etməsinə irad bildirməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı onun bədəninin müxtəlif nahiyəsinə yumruqla bir neçə dəfə qəsdən vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehdi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Nuray onun arvadıdır, 1995-ci ildə nikahlarını qeyd etdirməklə ailə qurublar, birgə nikahlarından doğulmuş 4 uşaqları var: “Özüm spirtli içki aludəçisiyəm. Spirtli içki qəbul etdiyimə görə arvadımın narazılığı ilə üzləşmişəm. Aramızda dava-dalaş olub. Dəfələrlə bizim işimizə Kürdəmir Rayon Polis Şöbəsində və Kürdəmir Rayon Məhkəməsində baxılıb”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 2023-cü ilin noyabrın 19-da, saat 17:30-da  toydan evə gəlib: “Evdə arvadım Nuray mənə yetkinlik yaşına çatmayan qızımı nişanlamaq istədiyini bildirdi. Mən buna etiraz etdim. Həmin etiraz mübahisəyə çevrilərək əsəbləşdiyimdən arvadımı özündən aralamaq üçün əlim ilə onu itələdim. Lakin onu vurmamışam. Mübahisəni bizdən başqa heç kim görməyib”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Nurayın sözlərinə görə, əri Mehdi spirtli içki aludəçisidir, bu səbəbdən dəfələrlə aralarında mübahisə olub: “Hər dəfə Mehdi məni söyüb təhqir edib, döyüb. Bununla bağlı dəfələrlə işlərimiz Kürdəmir Rayon Polis Şöbəsinə və Kürdəmir Rayon Məhkəməsinə düşüb. 2023-cü ilin noyabrın 19-da, saat 17:30-da evdə olan zaman ərim sərxoş vəziyyətdə evə gəldi, qızımın nişan işlərinə qarışaraq əsassız yerə söz-söhbət saldı. Mübahisə zamanı Mehdi məni yumruqla bir neçə dəfə vuraraq döydü. Bu vaxt evdə olan uşaqlarımız Tamara və Nazim bizi  araladılar. Bundan sonra Mehdi evdən çıxaraq getdi”. 

Bu cinayət işinə Kürdəmir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Mehdi 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
49
demokrat.az

10Mənbələr