AZ

Məktəblərdə ikinövbəli təhsil problemi

Dünyada ikinci növbə yalnız qaçqın uşaqlar üçün son çarə kimi qəbul edilir...

Hər yeni dərs ilində valideynlərin əsas qayğıları sırasına ikinövbəli təhsil sisteminin yaratdığı problemlər də əlavə olunur. Bu, əsasən də müxtəlif sahələrdə işləyən valideynlərə ciddi narahatlıq və narazılıq yaradır. Çünki səhər növbəsində təhsil həm onlar, həm də şagirdlər üçün daha əlverişlidir. Azərbaycanda yeni məktəblər tikilsə də, ikinövbəli təhsil sistemindən imtina etmək mümkün olmur. Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını yenə də azaltmayıb. İllərdir ki, ekspertlər problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpus, 2000 məktəbin təmir etdirilməsini vacib sayırlar. 

Ekspertlər onu da qeyd edirlər ki, səhər növbəsi bütün şagirdlər üçün keyfiyyətli təhsil almağa daha əlverişli imkan yaradır. O baxımdan ki, səhər beyin informasiyanı qəbul etməyə daha hazırlıqlı olur. Həmin o informasiyaları yadda saxlamaq üçün səhər çağı daha əlverişlidir. O səbəbdən də şagirdlərin səhər növbəsində dərsə getməsi daha məqsədəuyğun hesab olunur. Ona görə dünyanın bir çox ölkələri yalnız birnövbəli sistemə üstünlük verirlər. Günorta növbəsində oxuyanlara isə çətinliklər yaranır. Belə ki, günortadan sonra onlar dərsə gedir, axşam saatlarında isə yorğun olurlar. Dərs oxumağa imkanları olmur.

Ölkənin ümumtəhsil məktəblərinin əksəriyyətində dərslər ikinövbəli sistem əsasında keçilir. Bəzi məktəblərdə isə tədris hətta üçnövbəlidir. Bunun da əsas səbəbi həmin məktəblərdə şagird sayının çox olmasıdır.

Bakı şəhərində məktəblərdə şagird sıxlığı həddən artıq çoxdur. Bunu həmin ərazi üzrə nəzərə alıb, alternativ olaraq 3-4 məktəb tikib şagird sıxlığını minimuma endirmək olar. Belə olan halda tədrisi birnövbəli formada keçirmək olar. 

Bu arada, Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, 2022/2023-cü tədris ilində II növbədə təhsil alan şagirdlərin sayı 309560 nəfər, III növbədə təhsil alan şagirdlərin sayı isə 7020 nəfər təşkil edib. 2022/2023-cü tədris ilində ibtidai sinif şagirdlərindən II növbədə təhsil alanların sayı 145405 nəfər olub.

Dövlət Statistika Komitəsinin məlumatlarında isə deyilir ki, son illər dövlət əyani ümumi təhsil müəssisələrində iki və üçüncü növbədə fəaliyyət göstərən məktəblərin, ikinci və üçüncü növbə təhsil alan şagirdlərin sayında artım var. Məsələn, 2017-2018-ci illərdə iki və üç növbə fəaliyyət göstərən məktəblərin sayı 1250 olubsa, 2021-2022-ci ildə bu rəqəm 1458-ə yüksəlib. 2017-2018-ci illərdə iki və üç növbədə təhsil alan şagirdlərin sayı 223133 olubsa, 2021-2022-ci ildə onların sayı artaraq 339577-yə çatıb.

Nəzərə çatdıraq ki, 2020-ci ildə Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nın təsdiq edilməsi haqqında" qərarı təsdiqləyib. Həmin qərarda dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları öz əksini tapıb. Burada qeyd olunur ki, dövlət ümumi təhsil müəssisələrində bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir.

Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.

Onu da qeyd edək ki,  dünyanın ən kasıb ölkələri ikinövbəli məktəblərdən uzaqlaşmağa çalışsalar da, buna nail ola bilməyiblər. “Energyprom.kz” xəbər verir ki, bir çox yoxsul ölkələr üçün ikinövbəli məktəblər problemdir, çünki valideynlər hələ də uşaqlarının təhsilindəki boşluqları doldurmaq üçün əlavə özəl təhsilə müraciət etməyə məcburdurlar. Dünyada ikinci növbə yalnız qaçqın uşaqlar üçün son çarə kimi qəbul edilir. Məsələn, “Theirworld Foundation” Livanda Suriyadan olan gənc qaçqınlar üçün iki növbəli təhsil sistemi hazırlayıb.

Kamran

Kamran Əsədov

Bizimlə söhbətdə təhsil eksperti Kamran Əsədov deyib ki, Azərbaycanın ümumtəhsil məktəblərində yeni məktəblərin tikilməsi hesabına iki növbəli təhsil sistemindən imtina etmək lazımdır: “Düşünürəm ki, respublikanın bütün məktəbləri üzrə bir növbəli və beş günlük təhsil həftəsinə keçmək lazımdır. Bu, həm şagirdlərin asudə vaxtlarının yaranmasına, həm də vahid tədris müddətinin formalaşmasına gətirib çıxaracaq. Qeyd etdiyim məsələnin həll olunması üçün bu sahədə uzun müddət araşdırma apardım. Qeyd olunan problemin həll olunması üçün 6500 yeni məktəb, 730 məktəb üçün korpus, 2000 məktəbin isə təmir etdirilməsi lazımdır. Son 10 il ərzində 3 min məktəbin tikilməsi və ya təmir edilməsi şagird sıxlığını kəskin şəkildə azaldıb. Bununla belə, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilir ki, hər sinifdə 20 nəfər olmalıdır, praktki olaraq isə 25 nəfərdən artıq uşaq yığılmamalıdır. Bir sinifdə 25 şagird təhsil alırsa, həmin sinifdə tədris prosesini səmərəli qurmaq mümkündür. Lakin bəzən çoxlu binalar tikilir, əhali sıxlığı yaranır. Məktəbsə azdır. Həmin siniflərə 30-40 nəfər uşaq cəmlənir. Təhsildə belə bir qayda var ki, əgər sinifdə 25 nəfərdən çox uşaq yığılır, uşaqların sayı 30-u keçərsə, onda ikinci sinif açılmalıdır. İkinci sinif açılmalıdırsa, ora yeni bir müəllim də təyin olmalıdır. İbtidai sinifdirsə, əlavə ibtidai sinif müəlliməsi üçün vakansiya açılmalı, yuxarı siniflərdirsə, fənn üzrə müəllimlər cəlb olunmalıdır. Hesab edirəm ki, bu pedaqoji tələb yerinə yetirilməlidir".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Seçilən
182
50
musavat.com

10Mənbələr