AZ

Kristiano Ronaldu 900-cü qolunu vurdu, ilkə imza atdı

UEFA Millətlər Liqasında Xorvatiya yığması ilə 1-ci turun oyunu Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Ronaldo komandasının 2:1 hesablı ev qələbəsinə vurduğu həlledici qolla töhfəsini verib.

Bu qol Ronaldonun futbolçu karyerası ərzində rəqib qapılarından keçirdiyi 900-cü qol olaraq əlamətdardır.

Ulduz hücumçu tarixdə rəsmi oyunlarda 900 qol vurmuş ilk futbolçu olub. Ronaldo Lissabon “Sportinq”ində 5, “Mançester Yunayted”də 145, “Real”da 450, “Yuventus”da 101, “Əl-Nəsr”də 68, Portuqaliya yığmasında isə 131 qol vurub. Ronaldo futbol tarixinin, milli komandaların, Avropa çempionatının, Çempionlar Liqasının və FIFA Klub Dünya Kubokunun ən sərrast futbolçusudur.

Ulduz hücumçu oyundan sonra adəti üzrə uğuru barədə özünün sosial şəbəkə hesabı üzərindən yazıb:

“Mən bunu xəyal edirdim və hələ də məqsədlərim var. Hər kəsə təşəkkürlər!” – Ronaldo paylaşıb.

Vurğualayaq ki, Ronaldo artıq ardıcıl beşinci oyundur ki, meydanı qolla tərk edib. Bundan əvvəl Ronaldo Səudiyyə Ərəbistanı çempionatında “Əl-Raed” və “Əl-Feyha” ilə oyunların hər birində bir qol vurmuşdu. Portuqal hücumçu həmçinin Səudiyyə Ərəbistanı Super Kubokunun yarımfinal oyununda “Əl-Tavun”a, bu yarışın finalında isə “Əl-Hilal”a qol vurub.

“Bu, mənim karyeramda müstəsna iz qoyacaq”

“Bu, mənim üçün çox şey deməkdir. Bu rəqəmə çoxdan nail olmaq istəyirdim və hər şeyin tezliklə baş verəcəyini də bilirdim, axı hələ də oynamağa davam edirəm.

Mən həyəcan duyuram. Sadəcə yeni bir nailiyyət əldə etdiyim kimi görünə bilər, amma 900 qol vurmaq üçün hər gün işləməyin nə qədər çətin olduğunu yalnız mən bilirəm. Bu, mənim karyeramda müstəsna iz qoyacaq”, – “Record” dərgisi Ronaldodan sitat gətirir.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.

Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 4 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 68 oyun, 62 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Maraqlıdır ki, Ronaldo “Əl-Nəsr”lə hələ heç bir qənimət qazanmayıb. Qolçuluq mükafatları ilə yanaşı, Ronaldonun “Əl-Nəsr”dəki yeganə uğuru ötən mövsümün ən yaxşı oyunçusu seçilməsidir.

Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 213 oyun keçirib, 131 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
71
33
arena.az

10Mənbələr