AZ

Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək- azərbaycanlılar təlaşlanıb...

Image

Azər Allahverənov: “Miqrantlara ailə üzvlərini Rusiyaya gətirmə qadağası azərbaycanlılara da təsir edəcək”

Rusiyada əmək miqrantlarına yeni qadağaların tətbiq edilməsinə dair bir neçə aydır davam edən müzakirələr yenidən gündəmə gəlib. Belə ki, Dumanın Liberal-demokrat fraksiyasının lideri Leonid Slutskinin rəhbərlik etdiyi bir qrup LDPR deputatı tərəfindən hazırlanan qanun layihəsi əmək lisenziyası (patent-red ) olan miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan edir.

Slutski bildirib ki, əmək miqrantlarının ailələri onları vətənlərində gözləməlidir: “Onlar Rusiyaya gələndə işləyən əcnəbilərin qohumları kompakt anklavlarda yaşayır, öz dillərində danışır və yerli sakinlərə laqeyd yanaşırlar”.

Bəllidir ki, Rusiyada çalışan əmək miqrantları arasında azərbaycanlılar üstünlük təşkil edir. Müəyyən müddət Rusiyada çalışan azərbaycanlı miqrantlar öz ailələrini də yanlarına aparırdılar. 

Qeyd edək ki, Rusiya şirkətlərinin yüksək ixtisaslı xarici işçiləri üçün bu qanunda istisna ediləcək. 

Maraqlıdır, bu qərar əmək miqrantlarına necə təsir edə bilər? Yeni qərar Rusiyaya yaşayan azərbaycanlı miqrantların sayına təsir edəcəkmi? 

“Miqrantların ailə üzvlərini Rusiyaya gətirməyi qadağan etməsinin məqsədi bu ölkədə məskunlaşan miqrantların cəmiyyət üçün faydalı olmasıdır” 

"Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiya hökuməti bu gün miqrasiya siyasəti ilə bağlı çox sərt yanaşma ortaya qoyur: “Qanunvericilikdə edilən məhdudiyyətlər onunla bağlıdır ki, yalnız Rusiya iqtisadiyyatına xeyir gətirə biləcək miqrantlarla bağlı siyasət aparılsın.  Rusiyada yaşayan miqrantların ailə üzvlərini aparma qadağası, vətəndaşlıq məsələsi ilə bağlı müəyyən məhdudiyyətlərin  olması və digər sərt münasibətlər ona hesablanıb ki, Rusiya hökuməti miqrasiya prosesini sərt şəkildə qurur. Elektron resurslar üzərindən bu proseslərin idarə olunması, müxtəlif yeniliklərin tətbiq olunması, vahid reyestrin işə salınması kimi məsələlər buna hesab olunub. Bu siyasət sırf azərbaycanlı miqrantlarla bağlı deyil. Qadağalar Rusiyada yaşayıb-çalışan bütün əmək miqrantlarına şamil olunur. Xatırladım ki, bu yaxınlarda Rusiya təcridxanasında bir qiyam baş verdi. Həmin qiyamda əcnəbi miqrantlar da iştirak etmişdi. Bu hadisədən sonra Rusiya hökuməti miqrantlarla bağlı sərt siyasət ortaya qoydu”.

Həmsöhbətimiz hesab edir ki,  miqrantlara ailə üzvlərini Rusiyaya gətirmə qadağası azərbaycanlılara da təsir edəcək: “Yeni qadağa Rusiya ərazisində qeyri-qanuni yaşayan, icazəsiz əmək fəaliyyəti ilə məşğul olan insanların sayının azalmasına səbəb olacaq. Qeyd etdiyim kimi, bu qadağa miqrantlar arasında narahatlığa, təşvişə səbəb olur. Bəlli məsələdir ki, hökumət öz maraqlarından çıxış edir. Bu maraqlar miqrantların maraqları ilə üst-üstə düşməyə bilər. Yaxşı olar ki, yaşama icazəsi olan şəxslər qanun-qaydalara uyğun davransın, belə olduğu halda hökumət strukturu ilə bağlı hər hansı bir problem yaşanmaz. Həmçinin, yerli icma tərəfindən də həmin miqrantların davranışı müsbət qarşılanar”.

Ekspertin fikrincə, miqrantlara ailə üzvlərini Rusiyaya gətirməyi qadağan etməsinin məqsədi bu ölkədə məskunlaşan miqrantların cəmiyyət üçün faydalı olmasıdır. Yəni ölkə ərazisində olan miqrantlar ictimai asayiş, təhlükəsizlik, milli maraqlar kimi məsələlərə səbəb olmasınlar.

Günel CƏLİLOVA





Seçilən
107
32
baki-xeber.com

10Mənbələr