Şərqi və Mərkəzi Asiyaya tədarük edilən Rusiya qazının həcminin artması Ukrayna münaqişəsinin gərginləşməsi ilə birbaşa bağlı deyil. Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. Dövlət başçısı Vladivostokda Şərq İqtisadi Forumunun plenar iclasında çıxış edərkən deyib ki, Rusiya Çinə qaz tədarükünü artırır. Bu göstərici yanvar–avqust aylarında 37 faiz təşkil edib. Putin deyib: “Üstəlik, Rusiya şirkətləri İran və Mərkəzi Asiya ölkələrinə də yanacaq ixracını artırır. Mən aydınlaşdırmaq istəyirəm ki, bu, Ukrayna hadisələri ilə birbaşa əlaqəli deyil. Sadəcə olaraq, onların iqtisadiyyatı sürətlə inkişaf edir, özü də aktiv şəkildə inkişaf edir və əlavə resurslar tələb edir”.
Putin misal olaraq Özbəkistanı göstərib. Onun sözlərinə görə, bu ölkənin əhalisi hər il 1 milyon nəfər artır. Hazırda Özbəkistanın əhalisi 37 milyonu keçib. “Eyni zamanda, iqtisadiyyatı da böyüyür. Təbii ki, respublika əlavə resurslar tələb edir... Bizim isə belə resurslarımız var”.
Rusiya Prezidenti daha sonra deyib: “İran uzun müddətdir bizdən qaz təchizatı istəyir. Bu, bizim üçün çox əlverişlidir, yataq yaxınlıqdadır. Güman edirəm ki, tamamilə həyata keçirilə bilən layihədir. Bazarlar çox böyükdür. İranla qonşu ölkələrdə də qaza böyük ehtiyac var”.
O qeyd edib ki, İran Rusiya qazının ixrac həcmini bərpa etmək və artırmaq üçün perspektivli istiqamətlərdən biridir. “Biz təbii qazın həcmini tədricən bərpa edəcəyik və öz iqtisadiyyatımızı da inkişaf etdirəcəyik. Bunun üçün imkanlar var. Müxtəlif bazarları nəzərdən keçirəcəyik, təbii qaz mübadilələri üzərində işləyəcəyik, onu mayeləşdirəcəyik”.
İranın özü də təbii qazla zəngin yataqlara sahibdir. Hər il ölkədə 260 milyard kub-metr qaz hasil edilir. Bunun da 18 milyard kubmetri ixraca yönəldilir. Buna baxmayaraq 2023-cü ilin sonunda İranda gündəlik yanacaq çatışmazlığı 250 milyon kubmetrə çatıb. 2024-cü ildə gündəlik 300 milyon kubmetr kəsir gözlənilir.
Səbəb isə İranda qazın hasili və nəqli zamanı itkilərin həddindən çox olmasıdır. Bu səbəbdən ölkədə yanacaq qıtlığı yaranır. Xüsusilə, İranın şimal regionlarında yanaçağa tələbat hər il artır. İqtisadçı ekspert Aleksey İvanov deyib: “İranın əhalisi təxminən 89 milyon nəfərdir. Bu ölkənin daxili bazarında alternativ enerji mənbələrinin məhdudluğuna görə, qaz istehlakı dünyada ən yüksək göstəricilərdən biridir. İslam respublikasının enerji istehlakının 68 faizi qazdan asılıdır. Hər il təxminən 25 milyard kubmetr qaz hasilat və nəqli mərhələsində itirilir”.
Tehran bu problemi həll etmək üçün Rusiyadan yanacaq almağa üstünlük verir. Üstəlik, Moskvanın təklif etdiyi qaz ucuzdursa, bu, daha cəlbedici görünür. Rusiyalı ekspert İqor Lipsiç bununla bağlı bildirib ki, İran üçün qazın hər min kubmetri 100 dollara təklif olunur: “Bu həddindən aşağı qiymətdir. Gömrük tarifləri və nəql xərclərini nəzərə alsaq Moskvanın gəlirləri minimum olacaq. Rusiya bu yolla sanksiyalardan yan keçmək istəyir”.
...Artıq bu ilin iyununda “Qazprom” şirkəti ilə İran Milli Neft Şirkəti (NIGC) arasında Rusiya qazının İrana tədarükünün təşkili üzrə memorandum imzalanıb. İmzalanmış sənədə əsasən Rusiya qazının İrana tədarük həcmi gündəlik 300 milyon kubmetr təşkil edəcək. Bu, ildə 109 milyard kubmetr deməkdir. Bu barədə İranın neft naziri Cavad Ouci danışıb. Onun sözlərinə görə, sazişə əsasən, böyük həcmdə Rusiya qazı daxili istehlak üçün İrana və qonşu ölkələrə tədarük ediləcək, qaz kəmərinin çəkilişi xərclərini isə Rusiya öz üzərinə götürəcək.
Nazir sənədi “iqtisadi inqilab üçün ilkin şərtlər yaradan və regionun enerji təhlükəsizliyini təmin edən enerji diplomatiyasının şah əsəri” adlandırıb. Ouci qeyd edib ki, söhbət ölkənin şimalından cənubuna qaz kəmərinin çəkilməsindən gedir: “Qazprom”la 40 milyard dollarlıq ortaq layihələr müəyyənləşib. Danışıqlar başa çatmaq üzrədir və tezliklə bu layihə həyata keçirilmə mərhələsinə qədəm qoyacaq”. İran tərəfi dəfələrlə bəyan edib ki, Rusiyadan İrana qaz nəqli Azərbaycan ərazisi vasitəsilə həyata keçiriləcək. Layihələrdə söhbət yalnız İrana qaz tədarükündən getmir. Həm də İran ərazilərindəki birgə yanacaq layihələrindən və qaz ixracından gedir. Hazırda Rusiya İranda 5 yatağa investisiya yatırıb. Bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali məlumat verib: “Bilirsiniz ki, artıq Rusiyanın investisiya yatırdığı və işlədiyi beş yataq var. Təbii qazla bağlı deyə bilərəm ki, İranın cənubunda iki yataq var və biz Rusiya ilə işləməkdə maraqlıyıq”.
K.Cəlalinin sözlərinə görə, İran “Lukoyl” şirkətinin daha fəal işləməsinə hazırdır: “Biz həmişə “Lukoyl” şirkətinə bildirmişik ki, onların investisiyalarını qəbul etməyə hazırıq. Davamlı olaraq şirkətin baş direktoru ilə danışıqlar aparırıq”.
Rusiyadan nəql olunan qazın bir hissəsinin isə xarici bazara çıxarılması nəzərdə tutulur. Bununla bağlı İran, Rusiya, Türkmənistan və Qətərlə birlikdə ölkənin cənubunda qaz qovşağı yaratmaq niyyətindədir.
Beləliklə, Rusiya qazının İrana tədarükündən Azərbaycan tərəfi də qazanclı çıxacaq. Ölkəmizin tranzit gəlirləri artacaq.
Pünhan ƏFƏNDİYEV
XQ