AZ

Ayxan Abbasovu “şişirtməyək” - KÖŞƏ

Ayxan Abbasov Azərbaycan məşqçi sexinin önəmli simalarından biridi. Buna heç kim şübhə ilə yanaşmır.

Futbolçu karyerası ərzində U-21 millimizlə yanaşı, iddialı klubların - “Şəfa”, “Turan”, “MKT-Araz”, “İnter”, “Qarabağ” və başqalarının şərəfini qoruyubsa, baş məşqçi kimi “Zirə”, “Sumqayıt” və “Turan Tovuz”dan sonra “Şamaxı”da çalışmağa başlayıb. Onun “bozqurd”la yolları ayırmasının səbəbləri hələ də müəmmalıdı. Düzdü, komanda Kurban Berdıyevin rəhbərliyi altında qazandığı nəticələrlə həmin hadisənin pərdəarxasına marağı azaldıb. Lakin Ayxan Abbasovun “Neftçi” ilə matçdan sonra səsləndirdiyi fikirlər müəyyən incikliyin olduğunu, emosiyaların hələ soyumadığını göz önünə sərdi. Mütəxəssis ölkəmizdə yerli məşqçilərə yetərincə dəyər verilmədiyini, əcnəbilərin uğurlarının daha intensiv gündəmə gətirildiyini iddia etdi. O, “gördüyümüz iş asan deyil. Bu gün tək mən yox, premyer-liqadakı bütün yerli məşqçilər əziyyət çəkir. Amma lazım olan dəstək yoxdu” sözləriylə ötən tura damğa vurdu.

Belədə istər-istəməz ağla “Turan Tovuz”un yeni çalışdırıcısı Kurban Berdıyevə yaradılan şərait gəlir. Axı mətbuatda yayılan məlumatlara görə, klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev komandanın ev qələbələrinə görə 60 min, səfərdəkilərə görə 100 min manat mükafat verir. Hələ məbləğin əvvəllər az olduğu, sonradan çalışdırıcının israrıyla artırıldığı bildirilir. “Bozqurd”un Tovuzdan Bakıya və əks istiqamətdə səfərləri üçün sürət qatarı da ayrılıb ki, reys istənilən vaxt kollektivin xidmətindədi. Tovuzun paytaxta ən uzaq yerlərdən biri olduğunu nəzərə alsaq, komanda indi daha az yorulur. Hər halda, Ayxan Abbasovun dövründə təxminən 420 km məsafə avtobusla qət edilirdi.

Başqa məsələlər də var. Məsələn, mütəxəssisin sabiq komandasında ciddi dəyişiklik edilməyib. Bəli, Berdıyev demək olar ki, hazır kollektivi çalışdırır. Sadəcə, müdafiə və qapı xətti gücləndirilib ki, Abbasov da vaxtilə bu problemlərin aradan qaldırılmasının vacibliyini vurğulamışdı. Yox-yox, Kurban bəyin uğurlarını kiçiltmirik. Çünki o, qısa müddətdə komandanın oyun tərzində mühüm dəyişikliklər etməyi bacarıb. Çalışmaların bəhrəsi isə turnir cədvəlindən bilinir. Ayxan bəy işinə davam etsə, indiki nəticələr qeydə alınacaqdımı? Böyük ehtimalla, xeyr! Söhbət Berdıyevə verilən imkanlardan gedir ki, Abbasov məhz bu mövzuları nəzərdə tutur. Belə şərait ölkəmizdə, yəqin ki, yalnız Qurban Qurbanova yaradılıb. O başqa məsələ ki, “Qarabağ”ın baş məşqçisi həmin rahatlığı da dişiylə-dırnağıyla əldə edib. Kurban bəy isə təcrübəsindən düzgün istiqamətdə faydalanmaqla. Qısası, belə rahatlığa qovuşmaq üçün ciddi uğurlar qazanmaq lazımdı. Ya keçmişdə, ya da gələcəkdə. Ayxan Abbasovun karyerasında isə “dişə çəkiləsi” nəsə yoxdu. Mütəxəssis vaxtilə “Sumqayıt” və “Zirə”ni arvokuboklara daşısa da, təsnifat mərhələlərində mübarizədən çəkilib. Təbii ki, “Şamaxı”nın baş məşqçisinin böyük uğurlar qazanmaq üçün vaxtı var. Əlbəttə, belədə üzərində çox çalışmalı, təcrübəsini zənginləşdirməlidi. Yalnız bundan sonra yerli mütəxəssislərə şərait yaradılmamasına görə gileylənə bilər. O, hələ “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun dediyi kimi fantastik iş də görməyib. Əsl fantastika “Zirə”nin “Omoniya”dan 6 qol buramasıydı...

Ümumiyyətlə, “Şamaxı”nın 4 oyunda 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyətə imza atması ciddi nəticə deyil. Nəzərə alaq ki, “şirlər” indiyə qədər “Sent Patriks”lə qarşılaşacağına görə əsas heyətlə meydana çıxmayan “Sabah”dan, “Omoniya”nın Nikosiyada darmadağın etdiyi “Zirə”dən və biabırçı performans göstərən “Neftçi”dən xal alıb. Çempionata köklənən “Araz-Naxçıvan”a isə uduzub. Əlbəttə, hər şeyi bəxtlə əlaqələndirmirəm. Şübhəsiz, Ayxan bəy “Şamaxı”yla böyük uğurlar qazana bilər. Kollektivin oyun elementlərində baş məşqçinin işini görməmək insafsızlıq olar. Amma mütəxəssisi indidən “şişirtmək” məntiqli yanaşma deyil. Rəqiblərin milli fasilədən sonra yaxşı mənada fərqli oyun göstərəcəyini proqnozlaşdırsaq, əsas sınaqlar hələ qabaqdadı. İndi gileylənmək, hadisələrə don geydirmək, özünü kimləsə müqayisə etmək vaxtı deyil. Vəzifə “Şamaxı”nın premyer-liqadakı yerini möhkəmləndirməkdi. Keçmişə ilişib qalmaq bu mənada nə dərəcədə faydalı olacaq? Axı Ayxan Abbasov “Turan Tovuz”dan ayrılana qədər “şirlər” əcnəbi mütəxəssislərlə danışıq aparırdı. Sadəcə, tale yolları gözlənilmədən birləşdirdi. Bu üzdən, nə kimisə ruhdan salmaq, nə də eyforiyaya qapılmasına səbəb olmaq düzgün olmaz.

Necə deyərlər, meydan düz, top yumrudu. Hadisələrin axarı kimin nəyə layiq olduğunu göstərəcək.

KƏNAN BAHADIR

Seçilən
144
4
football-plus.az

5Mənbələr