İngiltərə yığmasının Marsel “Olimpik”inin ingilis sağ cinah hücumçusu Meyson Qrinvudla bağlı mövqeyi məlum olub.
Arena.az “Goal” dərgisinə istinadən məlumat verir ki, bu barədə “üç şir”in müvəqqəti çalışdırıcısı, irland mütəxəssis Li Karsli fikri bildirib.
Karsli son vaxtlar əla idman forması nümayiş etdirən Qrinvudun xidmətinə İngiltərə yığmasının ehtiyacı olmadığını açıqlayıb:
“O, nəzərdən keçirdiyimiz oyunçu deyil. Mən onunla işlərin necə getdiyini bilirəm, amma Qrinvud nəzərdən keçirilmir”, deyə Karsli vurğulayıb.
Xatırladaq ki, İngiltərə yığmasının qapıları Qrinvudun üzünə futbolçunun zorlama işində ittiham edilməsi ilə bağlanıb. Sonradan bu məsələ həlini tapsa da, Qrinvud İngiltərə yığmasına çağırılmayıb.
Bu il iyulun 18-də Marsel “Olimpik”i “Mançester Yunayted”dən 22 yaşlı vinger Meyson Qrinvudu satın aldığını rəsmən bəyan edib. Keçid Fransa nəhənginə 26 milyon avro məbləğində başa gəlib. İngils futbolçu Marsel “Olimpik”i ilə müddəti 2029-cu ilin iyun ayının sona qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Fransa nəhənginin heyətində Qrinvud işə düşüb – cari mövsümdə “Olimpik” üçün keçirdiyi 3 oyunda Qrinvud 5 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Qrinvud 2023/2024-cü illər mövsümünü icarə əsasında “Xetafe”də keçirib. İngilis hücumçu “Xetafe”nin heyətində 36 oyuna çıxıb, 10 qol vurub və 6 məhsuldar ötürmə verib.
Meyson Qrinvud 2020-ci ilin sentyabrında İngltərə yığmasının heyətində debüt edib, meydanda 12 dəqiqə keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib. Yığmanın qapıları Qrinvud üçün demək olar ki, bağlıdır – məlum xoşagəlməz hadisə öz sözünü deyir.
Qrinvud böyük futbolda hələ heç bir qənimət qazanmayıb.
“Transfermarkt” internet-portalı 22 yaşlı ingilis vingerin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, bundan əvvəl mətbuatda, Qrinvudun idman vətəndaşlığını dəyişə və Yamayka yığmasında oynamağa başlaya biləcəyi barədə məlumat yayılmışdı. Yamayka Futbol Federasiyasının (JFF) Meyson Qrinvudun mümkün vətəndaşlıq dəyişikliyi ilə bağlı İngiltərə Futbol Assosiasiyasına (The FA) müraciət etdiyi bildirilir.