AZ

“Masada qalan soyuq qəlyənaltıları, çərəzləri növbəti toylarda istifadə edirlər” —Zəhərlənmələr buna görə baş verir

Toy mövsümü başlayıb. Şadlıq saraylarında masaya növbənöv yeməklər düzülür, bu da əyləşənlərin diqqətini çəkir. Bir neçə saat ərzində qəbul edilən çox sayda yemək və içkilər sonda zəhərlənməyə səbəb ola bilir. 

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın sözlərinə görə insanların restoranlardakı qidalardan narazı olmasının birinci səbəbi kütləvi zəhərlənmələrdir. M.Hüseynova Demokrat.az-a açıqlamasında deyib ki, restoranda yemək yedikdən sonra qarında şişkinlik, ağrı, köp əmələ gələ bilər:

“Belə xoşagəlməz hallar bəzən yeməklərin qarışmasına görə, bəzən də köhnə olması, düzgün saxlanılmamasına görə baş verir. Kütləvi məclislərin keçirildiyi restoranlara, şadlıq saraylarına aidiyyəti qurumlar tərəfindən nəzarət olunmalıdır. Bundan başqa hər bir restoranın keyfiyyətə nəzarət və sanitar normalara riayət edilməsini təmin edən şöbəsi olmalıdır. Qida zəhərlənmələrinin ağır forması ölümlə nəticələnə bilər. Sağaldıqdan sonra bir müddət də metobalizm yavaşlayır, həzm sistemi öz funksiyasını tam yerinə yetirə bilmir”. 

Ekspert qeyd edib ki, mikrobioloji çirklənməyə məruz qalmış qidalar zəhərlənməyə səbəb olur: 

“Şadlıq saraylarında bir toyda istifadə olunmayan soyuq qəlyənaltıları, çərəzləri növbəti toylarda istifadə edirlər. Zəhərlənmə halları daha çox salatlardan baş verir, bu da onların çox vaxt köhnə olduğunu deməyə əsas verir. Turşular, əsasən də pomidor turşusu, kolbasa və sosislər, mayonez və souslu kremlər, dəniz məhsulları, saxta kürülər, kremli tortlar, dondurma, quş yumurtalarından hazırlanan salatlar zəhərlənməyə səbəb olur, bunlar risk qrupuna aid qidalardır. Düzgün şəkildə saxlanılmadığı üçün tərkibində mikrobioloji dəyişikliklər baş verir. Bu da qidanın xarab olmasına səbəb olur. Yay aylarında qidalar daha tez xarab olur. Toylarda belə qidalardan uzaq durmaq tövsiyədir. Ana yeməklərə, isti yeməklərə üstünlük vermək lazımdır. Yaxşı olar ki, ət yeməyi yeyiləcəksə, bir növ ətdən ibarət yemək yeyilsin. Yəni eyni vaxtda həm mal, qoyun, həm də toyuq, balıq yeməkləri yemək olmaz. Meyvələri yeməkdən öncə və ya saat yarım sonra qəbul etmək lazımdır. Yeməkdən sonra vitamin C tərkibli turş meyvələri yemək daha faydalıdır, həzm prosesini asanlaşdırır. Yeməkdən sonra gətirilən tort və dondurma isə həzmi çətinləşdirir, bunları yeməmək daha yaxşı olardı”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
161
1
demokrat.az

2Mənbələr