AZ

Badri Naçkebia: Yaratdığı gərginliyə görə regionda heç bir dövlət ABŞ-la sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq

Badri

Tbilisi, 13 sentyabr, AZƏRTAC

Bu gün Qərbin Ermənistanda maraqlarının artdığı müşahidə olunur. Bu da təbii ki, Qərbin qeyri-hökumət təşkilatlarının Erministanda dəstəklədiyi şəxsin mövqeyi ilə bağlıdır. Azərbaycan ilə mühribəni biabırçı şəkildə uduzan Ermənistan özünü çıxışı olmayan dalana salıb. Bir tərəfdən də Rusiya ilə münasibətləri gərginləşən rəsmi İrəvan hesab edir ki, nicat yolu ABŞ və Qərbdədir. Ona görə də vəziyyətdən çıxmaq üçün Qərbin və ABŞ-ın köməyinə ümid edir. Amma başa düşmür ki, vəziyyətdən çıxış yolu yalnız Azərbaycan ilə münasibətlərin normallaşmasından keçir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Gürcüstanın Terrorizm və Problemlərin Araşdırmaları Mərkəzinin sədri, politoloq Badri Naçkebia söyləyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan hesab edir ki, USAID-in beşillik yardım paketinin iki dəfədən çox artırılması, İrəvan hava limanından Rusiya sərhədçilərinin çıxarılması, eləcə də ABŞ-dan silah-sursatın alınması və ya birgə hərbi təlimlərin keçirilməsi ona hansısa ciddi divident gətirəcək. Əslində isə bu, belə deyil. Bu yardımın artırılması, eləcə də digər tədbirlər Ermənistanın milli maraqlarına xidmət etmir.

Politoloq deyib ki, USAID-in hər hansı bir ölkəyə yardımları iqtisadi tərəqqiyə, demokratiyanın inkişafına və ya ərazi bütövlüyünün təmin olunmasına xidmət etmir: “Bu yardımlar yalnız həmin ölkələri Qərb yönümlü qeyr-hökumət təşkilatlarının və siyasi partiyaların xətti ilə öz maraqlarına xidmət etməyə məcbur etmək üçündür. Belə olan halda isə sülhdən və təhlükəsizlikdən danışmağa dəyməz. Hesab edirəm ki, USAID-in Ermənistana yardımı da müxtəlif maraqlardan qaynaqlanan bir addımdır. Nəzərə alaq ki, USAID-in rəhbəri Samanta Pauer qondarma rejimin keçmiş “dövlət naziri” Ruben Vardanyanın maliyələşdiridiyi Avrora mükafat komitəsində yer alır. Bu faktın özü hər şeyi açıq şəkildə göstərir, onu deməyə əsas verir ki, ABŞ-ın dövlət maraqlarının reallaşdırılması ilə məşğul olan USAİD özü erməni lobbisinin əlindədir”.

B.Naçkebia bildirib ki, ABŞ-ın bu cür qeyri-ciddi addımları Qafqaz regionunda geosiyasi sərhədlərin çəkilməsi kimi qiymətləndirilməlidir. Ona görə ki, Azərbaycanın torpaqları 30 il işğal altında olanda ABŞ ölkəmizin ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını hazırda Ermənistanın sərhəd toxunlumazlığı qədər xatırlamayıb. Əksinə, müxtəlif bəhanələrlə Azərbaycana yardımları dayandırıb. ABŞ Ermənistana siyasi, iqtisadi, xüsusilə də hərbi dəstək verməklə bu ölkədə revanşizmin artmasına zəmin yaradır. ABŞ regionda real sülh istəyirsə, birtərəfli qaydada Ermənistana dəstəyi dayandırmalıdır. Vaşinqton Azərbaycanın minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu nəzərə alaraq işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə real dəstək verməlidir. Görünən odur ki, bütün bunlar, eləcə də azərbaycanlıların Qarabağa qayıdış hüquqları ABŞ-ı o qədər də narahat etmir.

Politoloq vurğulayıb ki, Qərb ölkələrinin regionda Ermənistanı öz dayaqlarına çevirmək istəkləri, Fransa tərəfindən Ermənistana göstərilən hərbi və siyasi dəstək də bilavasitə Vaşınqtondan koordinasiya edilir.

“Düşünürəm ki, sonda bütün bunlar yenə də nəticəsiz qalacaq. Nəzərə alaq ki, Ermənistan KTMT-dən, Avrasiya İqtisadi Birliyindən çıxmayıb. Ermənistanda Rusiyanın 102 saylı hərbi bazası, Rusiya-Ermənistan birgə hərbi qruplaşması, hava hücumundan birgə müdafiə sistemləri fəaliyyət göstərir. Artıq son günlər Ermənistan rəsmiləri Rusiyaya yenidən reveranslara başlayıblar. Bu isə onu deməyə əsas verir ki, sonda Ermənistan yenə də Rusiyanın orbitində qalacaq. İtirən isə ABŞ olacaq. Yaratdığı gərginliyə görə regionda heç bir dövlət ABŞ-la sıx əməkdaşlıq etməkdə maraqlı olmayacaq”, - deyən B.Naçkebia əlavə edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər İrəvana göstərilən yardımlar şəffaf olmalı, silahlandırmaya son qoyulmalıdır. Məhz sülh müqaviləsinin imzalanması və bu şərtlərin yerinə yetirilməsi sayəsində regionda uzunmüddətli sülhə, inkişafa nail olmaq mümkündür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

Seçilən
143
13
azertag.az

10Mənbələr