Olaylar.az xəbər verir ki,bunu Trend-in suallarını cavablayarkən Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, bu vədlər arasında ABŞ və Aİ-nin Ermənistana maliyyə yardımı diqqəti cəlb edib.
"Aİ Ermənistana 270 milyon avronun 4 illik kredit şəklində veriləcəyini, ABŞ isə 65 milyon dollar yardım ediləcəyini açıqladı. Bu arada keçmişi çox da təmiz olmayan Beynəlxalq İnkişaf Agentliyi (USAID) də özünü göstərməyə başladı.
Bəs Aİ və ABŞ Ermənistana, həqiqətən, humanitar və ya inkişaf məqsədləri üçün kömək edir? Yoxsa USAID-in elan etdiyi kimi, bu qrant yardımı fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik islahatlar və iqtisadi inkişaf kimi əsas sahələr üçün istifadə olunacaq? Əlbəttə, yox. Aİ və ABŞ-nin Ermənistana yardımı Cənubi Qafqazda Azərbaycanın xeyrinə çevrilmiş geosiyasi vəziyyəti yenidən dəyişmək cəhdidir.
Daha sadə dillə desək, bu yardım və qrantlar İkinci Qarabağ müharibəsi ilə Cənubi Qafqazda nüfuzunu itirmiş Qərb dövlətlərinin regionda öz nüfuzlarını bərpa etmək cəhdlərinin məhsuludur. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının qərarına baxmayaraq, Ermənistanın Qarabağı işğalına səs çıxarmadılar.
Lakin İkinci Qarabağ müharibəsi Azərbaycanın mütləq qələbəsi ilə başa çatdıqda rutin alt-üst edildi və Qərb dövlətlərinin regionda qurduğu status-kvo pozuldu. Çünki qələbədən sonra Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi və regionun ən nüfuzlu ölkəsinə çevrildi. Bu struktur regionun sabitliyi üçün müsbət hal idi.
30 ildir öz doğma yurdlarından didərgin salınan azərbaycanlılara qarşı biganə qalmaq Qərbin əsl simasını göstərmək üçün kifayətdir. ABŞ Cənubi Qafqazda xaos yaratmaqla öz nüfuzlarını bərpa etməyə çalışır. Onların Ermənistana humanitar və ya inkişaf yardımı adı altında verdikləri yardımlar regionda sabitliyi tamamilə pozacaq addımlardır", - deyə o əlavə edib.