AZ

“Makkabi”nin UEFA-ya müraciət etməyə cürəti çatmadı”

“Beşiktaş”ın 2-ci başqanı Hüseyn Yücəl klubun Çanakkaledəki dərnəyini ziyarət edərkən diqqətçəkən açıqlamalar verib.

Bilindiyi kimi, “Qartal”ın Avropa Liqasındakı rəqiblərindən biri Təl-Əviv “Makkabi”sidi. Həmin oyun noyabrın 28-də İstanbulda keçirilməlidi. Amma püşkatmadan dərhal sonra İsrail mətbuatında “Makkabi”nin Türkiyəyə gəlmək istəməməsi haqda xəbərlər peyda oldu. Oyunun neytral meydanda (hətta Bakıda) keçirilmə variantı da gündəmə gəldi.

Təbii ki, bu məsələdə əsas söz sahibi “Beşiktaş”dı. İstanbul nəhəngi təhlükəsizliyə təminat verəndən sonra “Makkabi”nin Türkiyəyə gəlməkdən başqa çarəsi yoxdu. Yücəl həm bu, həm də başqa məqamlara toxunub:

“Zaman-zaman müxtəlif bölgələrdə fəaliyyət göstərən dərnəklərimizi ziyarət edirik. Onların fəaliyyəti haqda məlumatlar toplayırıq. Bu mövzuya çox həssas yanaşırıq. Çünki bu dərnəklər şanlı “Beşiktaş”ımızı ən gözəl şəkildə təmsil edir. İnşallah, bazar günü “Trabzonspor”u yenərək bütün camiəni sevindirmək istəyirik. “Makkabi”nin Türkiyəyə gəlmək istəməməsi məsələsinə gəlincə, rəqibin UEFA-ya rəsmi müracət etməyə cürətləri çatmadı. Sadəcə, İsrail mətbuatında bununla bağlı bir-iki xəbər yazıldı. Lobbidən istifadə etmək istədilər, amma dik duruşumuz sayəsində anladılar ki, UEFA-ya müraciət emək mənasızdı. Heç bir qeydi-adi olay baş verməyəcəyi təqdirdə 99 faiz onları İstanbulda qəbul edəcəyik. Yəni oyunu öz meydanımızda keçirəcəyik. Bu mövsümlə bağlı çox ciddi hədəflərimiz, arzularımız var. Amma bunu çox da dilə gətirmək istəmirəm. Bəli, mövsümə əla start vermişik. Amma eyforiyaya qapılmırıq və göylərdə uçmuruq. Adətən, belə bir deyim var ki, necə başlayırsansa, elə də davam edirsən. İndi bütün diqqətimizi “Trabzonspor”la oyuna yönəltmişik. O matçdan uğurlu nəticə ilə ayrılıb yolumuza davam etmək istəyirik. Bu yay həm ayrılan, həm də yeni gələnlərin sayı 36 nəfərdi. Bəlkə də kiməsə asan görünə bilər. Amma 3 aylıq dönəmdə bu qədər iş görmək heç də asan deyil. Çünki bəzi oyunçuların müqaviləsində çox ağır şərtlər var idi. İndi vidalaşmaq istədiyimiz əsas futbolçu Daniel Amartidi. Onunla ortaq məxrəcə gələrək yollarımızı qarşılıqlı razılıqla ayırmaq istəyirik”.

Seçilən
85
football-plus.az

1Mənbələr